"Komanda Çempionlar Liqasından sonra böyük dəyişikliklərə məruz qaldı".
bunu “report”a açıqlamasında “Araz-Naxçıvan” futzal klubunun müvəqqəti baş məşqçisi Predraq Rayiç Yüksək Liqanın I turunda qarşılaşdıqları “Baku Fire” ilə oyun barədə danışarkən deyib.
Serbiyalı mütəxəssis məğlubiyyətin səbəbini izah edib:
“Rəqib haqqında onu deyə bilərəm ki, balanslanşdırılmış və üzərində düzgün iş aparılmış komanda idi. Bilirsiniz ki, hər zaman görüşün əksər hissəsində 5 oyunçulu sistemlə oynayırlar. Ola bilsin ki, məhz bu komponentdə rəqibə uduzduq. Bəlkə də onların bu oyun tərzinə hazır deyildik. Rəqib də bundan maksimum yararlanıb qələbə qazandı. Fürsətdən yararlanıb “Baku Fire”ni qələbə münasibəti ilə təbrik edirəm”.
O, heyətə yeni futzalçılar dəvət olunduğunu bildirib:
“Komanda Çempionlar Liqasından sonra böyük dəyişikliklərə məruz qaldı. O cümlədən baş məşqçimizlə yollar ayrıldı. Əvvəlki baş məşqçi ilə iş metodumuz tam fərqlidir. Yenidən öz taktikamı komandaya aşılamağa başlamışam. Xeyli sayda yeni və yerli gənc oyunçular var. Cəmi üç legionerimiz qalıb. Ona görə də zəiflik hiss olunur. Amma bu o demək deyil ki, məğlubiyyətlə barışacağıq. Digər oyunlarda, çempionatın sonuna qədər daha yüksək səviyyədə çıxış etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Əlavə olaraq bildirim ki, heyətə iki iranlı futzalçı cəlb edilib. Oyun günü gəlmişdilər deyə, onlardan istifadə edə bilmədik. Çünki heç bir taktikanı bilmirdilər, üstəlik, uzaq yol gəlmişdilər. Qarşıda oyunlar və məşqlərimiz çoxdur. Komandaya uyğunlaşdıqdan sonra daha yaxşı oynayacağımızı güman edirəm”.
Azərbaycanın futzal üzrə Yüksək Liqasın ilk turunda “Baku Fire” “Araz-Naxçıvan”ı 8:6 hesabı ilə məğlub edib.