"Komandada heç bir dəyişiklik olmayacaq".
Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Araz-Naxçıvan” futzal klubunun müvəqqəti baş məşqçisi təyin olunan Predraq Rayiç deyib.
Serbiyalı mütəxəssis UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki son oyunda məğlubiyyətin əsas səbəbinin səhv taktika olduğunu bildirib:
“Komandada ab-hava yaxşı idi. Baş məşqçinin düzgün seçmədiyi taktika səbəbindən UEFA Çempionlar Liqasındakı son oyunda məğlub olduq. Halbuki bizə heç-heçə də sərf edirdi.
Bundan maksimum dərəcədə dərs çıxarıb yeni taktika ilə oyun üslubunu yaradacağıq. Komandada heç bir dəyişiklik olmayacaq. Dekabrda yeni futzalçılar cəlb edə bilərik”.
O, qarşıya qoyulan hədəflərdən danışıb:
“Hazırda qarşıya qoyulan əsas hədəf Azərbaycan çempionatının qalibi olmaq və növbəti il komandanı Çempionlar Liqasına daha yaxşı hazırlamaqdır.
Ölkə çempionatında əsas rəqiblərimiz “Neftçi” və “Baku Fire” olacaq. “Araz-Naxçıvan”dan ayrılan Amadeu Fernandes hazırda “Baku Fire”nin heyətindədir.
“Neftçi” daha da güclənib. Keçmiş oyunçularımız Xətai Bağırovla İsa Atayev “Neftçi” komandasındadır. Əsasən onlarla mübarizə aparmalı olacağıq”.
P.Rayiç ötən gün “Araz-Naçxıvan”ın baş məşqçi postundan ayrılan Vitali Borisovun yerinə müvəqqəti təyin olunub.