"Nəticə olmadığına görə klubla yolları ayırmaq qərarına gəldik".
Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Araz-Naxçıvan” futzal klubunun sabiq baş məşqçisi Vitali Borisov komandadan ayrılması ilə bağlı danışarkən deyib.
O, bu barədə rəhbərliklə əvvəlcədən danışıqlar olduğunu bildirib:
“Rəhbərliklə aramızda danışıqlar olmuşdu ki, Çempionlar Liqasında ilkin mərhələni keçməyəcəyimiz təqdirdə baş məqşçi vəzifəsindən gedəcəyəm. B
ir də ki, iki yerdə - həm millidə, həm də “Araz-Naxçıvan”da işləmək çətindir”.
Mütəxəssis hazırda “Araz-Naxçıvan”ın yığmanın baza klubu olmadığını da vurğulayıb:
“Hazırda “Araz-Naxçıvan” yığmanın bazası sayılmır. Mən oynadığım vaxtlarda komandanın heyətində 8-9 nəfər həm klubun, həm də yığmanın formasını geyinirdi.
Braziliyalı və yerli futzalçılardan təşkil olunan “Araz-Naxçıvan” eyni zamanda yığmanın özəyi hesab edilirdi. İndi millidə “Araz-Naxçıvan”la yanaşı, “Neftçi”, “Baku Fire” və digər klublardan da oyunçular var.
Bunun mənfi cəhəti odur ki, əvvəl komanda daim birlikdə olurdu. Yığmanın toplanışları 3-4 günlük olduğu üçün bu müddət ərzində nələrisə dəyişmək çox çətindir.
Futzalçılar milliyə hazır formada gəlməlidirlər. İndi heyətdə daha çox gənclər yer alır və onlara birdən-birə nəyisə öyrətmək asan deyil.
Düzdür, yığmanın hazırlığına köklənmək mənim üçün bir qədər rahat olacaq. Kənardan futzalçıları izləyəcəyəm.
Gənclərlə çalışmaq perspektiv baxımından yaxşıdır. İnanıram ki, indiki gənc futzalçılar 2-3 ildən sonra millinin əsas üzvlərinə çevriləcəklər”.
V.Borisov onu müvəqqəti olaraq əvəzləyəcək serbiyalı mütəxəssis Predraq Rayiçin komandanı formalaşdırmaqda çətinlik çəkməyəcəyini söyləyib:
“Predraq Rayiç artıq ikinci ildir “Araz-Naxçıvan”da işləyir və uşaqları tanıyır. Onun çətinlik çəkməyəcəyini düşünürəm”.
Ötən gün “Araz-Naxçıvan”da keçirilən klubdaxili iclasda Vitali Borisovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Komanda müvəqqəti olaraq serbiyalı Predraq Rayiçə tapşırılıb.