PSJ-də penaltiləri yerinə yetirəcək futbolçu seçimi ilə bağlı mübahisələr yaranıb.
Sportinfo.az “RMC Sport”a istinadən xəbər verir ki, klubun məşqçilər korpusu Kilian Mbappenin “Real"a keçməsindən sonra komandada penaltiləri 24 yaşlı portuqaliyalı Vitinyanın yerinə yetirəcəyini təsdiqləyib.
Lakin, Luis Enrike və köməkçilərinin Vitinyanı əsas penalti oyunçusu təyin etmək qərarı PSJ-nin heyətində Usman Dembele və bir neçə oyunçunun narazılıqlarına səbəb olub. Belə ki, hücumçular bu məsuliyyəti öz üzərinə götürmək istədiyini bildiriblər.
“Le Parisien” nəşrinin məlumatına görə, bu mübahisələr fonunda Enrike cari mövsüm üçün penaltiləri yerinə yetirəcək konkret oyunçu seçməmək qərarına gəlib.
Bundan sonra ispaniyalı məşqçi komandanın heyətini açıqlayarkən penaltilərə cavabdeh olan oyunçunu matçların başlamasına az qalmış təyin edəcək.
Vitinya Paris təmsilçisinə 2022-ci ildə “Portu”dan 41,5 milyon avro qarşılığında transfer olunub.
Ötən mövsüm PSJ-nin forması ilə bütün turnirlərdə 46 matça çıxan yarımmüdafiəçi 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.