“Biz futbolçular mağarada yaşadığımızı iddia etməyəcəyik”

10:15 Fransa 148
“Biz futbolçular mağarada yaşadığımızı iddia etməyəcəyik”

Fransa millisinin və “Real Madrid”in hücumçusu Kilian Mbappe DÇ-2026-dan sonra “xoruzlar”ı tərk edəcək Didye Deşamın davamçısı kimi hansı məşqçini gördüyünü açıqlayıb.

Sportinfo.az xəbər verir ki, forvard bu barədə “Le Parisien”ə müsahibəsində danışıb.

“Deşamın yeni varisi ilə bağlı çoxlu fərziyyələr var. Bəs sənin hər hansı seçimin varmı?”, - sualına Kilian belə cavab verib:

“Kimi nəzərdə tutduğunuzu başa düşürəm, amma bu mövzuda danışmayacağam, çünki bu mənim vəzifəm deyil. Federasiyanın prezidenti var, qərarları o verir.

Hamı Zidandan danışır. Biz (red.-futbolçular) mağarada yaşadığımızı və ətrafımızda baş verənlərdən xəbərsiz olduğumuzu iddia etməyəcəyik. Lakin bu haqda danışmaq bizim işimiz deyil”.

“Yenə də Deşamın ideal xələfinin kim olacağı barədə fikrin nədir?”, - sualına cavabında isə fransalı ulduz bunları deyib:

“Zinəddin Zidan! Amma, bayaq dediyim kimi, qərarı verən Filip Diallo (red.-Fransa Futbol Federasiyasının prezidenti) olacaq. Gəlin görək o, hansı kriteriyalara əsaslanaraq qərarını verəcək”.

Qeyd edək ki, Didye Deşam 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatından sonra Fransa millisindən ayrılacaq.

Onun postu üçün Zinəddin Zidanla danışıqlara başlanıldığı və əsas namizəd olan Zidanın müddətsiz müqaviləsi olacağı ilə bağlı məlumatlar yayılıb.

Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real Madrid”ə rəhbərlik edib. O, məşqçi kimi üç dəfə Çempionlar Liqası, iki dəfə La Liqa, İspaniya Superkuboku, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti