“Qarabağ” Avropa Liqasının Liqa mərhələsindəki rəqibi olan “Lion” maliyyə sıxıntılarına görə problemlər yaşayır.
Sportinfo.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi mövsümün sonuna qədər borclarını ödəməsə elitanı tərk edəcək.
Məlumata görə, mövsümün nəticələrindən asılı olmayaraq klub 2-ci Liqaya düşəcək. Fransa təmsilçisinin borcları 458 milyon avrodan 508 milyon avroya yüksəlib.
Həmçinin maliyyə problemləri səbəbindən Fransa təmsilçisinə qarşı transfer qadağası da tətbiq olunub.
Hazırda klub Liqa cədvəlində 11 matçdan sonra 18 xalla 5-ci yerdədir.
“Lion” Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”la üz-üzə gələcək. Qarşılaşma noyabrın 28-də Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.