Bir müddətdir Əvəzedicilər Liqasının ətrafında davam edən söz-söhbətlərə son qoyulmaq üzrədir.
Ötən ilin yayında bərpa olunan çempionat növbəti mövsüm də keçiriləcək.
Premyer Liqa təmsilçiləri günlərdir gündəmdən çıxmayan mövzu ətrafında geniş müzakirələr aparıb və sonda razılığa gəliblər. Klublar Komitəsi bu məsələ ilə bağlı öz raportunu AFFA İcraiyyə Komitəsinə təqdim edəcək.
Əvəzedicilər Liqasının ləğvi ilə əlaqəli təşəbbüsün kimdən gəlməsi artıq məlumdur. İdeyanı «Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev irəli sürüb.
Keçən ilin əvvəlində qərb klubunu himayəsinə götürən iş adamı komitənin iclasında öz fikrini dilə gətirib. O deyib ki, bu liqaya sərf olunan vəsait effekt vermir, gənclərin I Liqa və II Liqaya yönləndirilməsi lazımdır.
Quliyevin mövqeyi haradasa başadüşüləndir. Ötən sezon I Liqada bürünc medal qazanan «Turan Tovuz-2» cari futbol ilini bərbad keçirir.
Əyalət komandası 32 tura 20 xal toplayıb və turnir cədvəlinin son pilləsində yerləşib.
Əvəzedicilər Liqasının tarixin tozlu arxivinə göndəriləcəyi yönündə xəbərlər futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Əksər klublar və məqçilər tərəfindən ciddi narahatlıq doğurub.
İlk günlər bəzi mətbu orqanlar iddia edirdi ki, bu təklif «Sabah»ın prezidenti Maksud Adıgözəlov tərəfindən irəli sürülüb. İndi isə məlum olur ki, onun bunda əli yoxdur, şayiələr saxtadır.
SPORTİNFO.AZ