21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində yer aldığı F qrupunda bir oyun keçirilib.
Sportinfo.az xəbər verir ki, qrup lideri Ukrayna səfərdə İngiltərənin qonağı olub.
Matçda hesabı açan tərəf Ukrayna yığması olsa da, meydan sahibləri sona yaxın 2 qol vurmaqla qələbə qazanıblar.
9-cu oyunda ilk məğlubiyyətini almasına baxmayaraq, Ukrayna millisi hələ də 24 xalla qrup lideridir. İngiltərə isə 22 xalla ikincidir.
Qrup qalibini müəyyənləşdirəcək son turda İngiltərə millisi oktyabrın 15-də Azərbaycan yığmasını qəbul edəcək. Ukrayna isə səfərdə Serbiyanın qonağı olacaq.
Hazırda Azərbaycan millisi 3 xalla qrupda sonuncudur. Gənclər yığmamız İngiltərədən əvvəl oktyabrın 12-də Şimali İrlandiyanın qonağı olacaq.
İngiltərə (U-21) - Ukrayna (U-21) 2:1
Qollar: Taras Mikavko, 71 (0:1), Ceyms MkAtee, 88 (1:1); 90+2 (2:1)