Almaniyada təşkil olunan Avropa çempionatının qalibi bu gün müəyyənləşəcək.
Sportinfo.az xəbər verir ki, finalda İspaniya və İngiltərə milliləri üz-üzə gələcək.
Berlindəki Olimpiya stadionunda keçiriləcək matçı fransalı hakim Fransua Leteksye idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İngiltərə millisi yarımfinalda Niderlanda 2:1 hesabı ilə qalib gəlib. İspaniya yığması isə Fransanı məğlubiyyətə uğradıb - 2:1.
Bu, komandaların Avropa və dünya çempionatlarının final mərhələlərində üçüncü dueli olacaq.
İlk dəfə 1980-ci ildə Avropa çempionatının final mərhələsində eyni qrupa düşən komandaların görüşündə İngiltərə millisi 2:1 hesablı qələbə qazanıb.
Rəqiblərin növbəti qarşılaşması 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatının 1/4 finalına təsadüf edib.
Görüşün əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitdiyindən qalibin müəyyənləşməsi üçün penaltilər seriyasına ehtiyac yaranıb. Burada isə İngiltərə millisi zərbələri daha dəqiq yerinə yetirib - 4:2.
AVRO-2024-ün finalçıları indiyə qədər ümumilikdə 27 dəfə üz-üzə gəliblər. Əksəriyyəti yoldaşlıq xarakteri daşıyan bu görüşlərin 10-u İspaniya, 13-ü isə İngiltərə millisinin qələbəsi ilə yekunlaşıb. Qalan 4 oyun heç-heçə nəticələnib. Komandalar sonuncu dəfə 2018-ci ildə UEFA Millətlər Liqasında görüşüblər. Bu matçda İngiltərə 3:2 hesablı qələbə qazanıb. Vurulan qolların sayına gəlincə, İngiltərənin üstünlüyü nəzərə çarpır. Belə ki, indiyədək keçirilən matçlarda İngiltərə 45, İspaniya isə 32 dəfə fərqlənib.
İndiyədək 3 dəfə (1964, 2008, 2012) Avropa çempionluğunun sevincini yaşayan Luis de La Fuentenin baş məşqçisi olduğu İspaniya millisi 4-cü titulu əldə etmək niyyətindədir. Bu baş verərsə, ispanlar həm də ən çox Avropa çempionluğunu qazanan komanda olacaq. Hazırda həm İspaniya, həm də Almaniya millilərinin hərəyə 3 belə uğuru var.
AVRO-2024-ün B qrupunda İtaliya, Xorvatiya və Albaniya ilə mübarizə aparan İspaniya yığması hər üç rəqiblə görüşdə qapısından qol buraxmadan qələbə qazanaraq 1/8 finala yüksəlib. Bu mərhələdə Gürcüstan millisini məğlub edən komanda 1/4 finalda Almaniyaya əlavə vaxtda vurduğu qol sayəsində adını yarımfinala yazdırıb. İspaniya yarımfinalda Fransa yığmasına 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Tarixində 5-ci dəfə Avropa çempionatının finalında çıxış edəcək “öküzlər” son 5 turnirin 3-də həlledici qarşılaşmada oynamağı bacarıb.
Qaret Sautqeytin rəhbərlik etdiyi İngiltərə millisi isə ilk Avropa çempionluğunu əldə etməyə çalışacaq. AVRO-2024-də Danimarka, Sloveniya və Serbiya ilə birlikdə yer aldığı C qrupunu 5 xalla lider başa vuran İngiltərə 1/8 finalda Slovakiyaya rəqib olub. 90+5-ci dəqiqədə Cud Bellinqemin baxımlı qolu, əlavə vaxtda isə Harri Keynin fərqlənməsi sayəsində 1/4 finala vəsiqə qazanan komanda bu mərhələdə İsveçrə ilə üz-üzə gəlib. Rəqibini penaltilər seriyasında məğlub edən Q.Sautqeytin baş məşqçisi olduğu kollektiv yarımfinalda Niderlandla qarşılaşıb və 2:1 hesablı qələbə qazanaraq finalda İspaniyaya rəqib olub. Ardıcıl ikinci dəfə Avropa çempionatının həlledici matçında mübarizə aparacaq Q.Sautqeytin komandası sonuncu dəfə İngiltərədə keçirilən AVRO-2020-nin finalında çıxış edib və İtaliya millisinə penaltilər seriyasında məğlub olub.
AVRO-2024-ün startından bəri İspaniya millisindən Dani Olmo, İngiltərədən isə Harri Keyn hərəyə 3 qolla bombardirlər siyahısında yer alıblar.
14 iyul
23:00. İspaniya - İngiltərə
Baş hakim: Fransua Leteksye (Fransa).
Berlin, Olimpiya stadionu.