COP29

Tilsim bu gecə qırılacaqmı?

14 İyul 15:40 Avropa çempionatı 603
Tilsim bu gecə qırılacaqmı?

Bu gün AÇ-2024-ün finalında İspaniya və İngiltərə üz-üzə gələcək.

Sportinfo.az xəbər verir ki, saat 23:00-da başlayacaq görüşdən sonra qitənin ən güclü yığma komandasının adı bəlli olacaq.

Matç Almaniyanın Berlin şəhərindəki Olimpiya stadionunda baş tutacaq.

İngiltərə millisi bununla ardıcıl ikinci dəfə qitə çempionatlarında final oynayacaq. Ötən qitə birinciliyində də həlledici qarşılaşmaya gəlib çıxan britaniyalılar burada İtaliya ilə qarşılaşmışdı.

Əsas vaxtı 1:1 başa çatan qarşılaşmada ingilislər penaltilər seriyasında rəqibinə uduzmuşdu.

Maraqlıdır ki, futbolun beşiyi sayılan İngiltərənin millisi heç zaman Avropa çempionu ola bilməyib. Qarşıdakı final onlar üçün uğursuz statistikaya son qoymaq üçün şansdır.

İngilislərdən fərqli ispanlar 3 dəfə bu turnirin qalibi olublar. “Qırmızı furya” ilk dəfə 1964-cü ildə titula sahib çıxıb. Ondan sonra isə uzun illər pireneylilər bu turnirdə qalib ola bilməyib. Yalnız 2008-ci ildə tilsim qırılıb və ispanlar 44 il sonra qitənin ən güclüsü ola biliblər. Amma bununla kifayətlənməyən komanda 4 il sonra yenidən turnirin qalibi olub. Həmin ərəfədə ispanlar dünya çempionu olmağı da bacarırlar. 2010-cu ildə Afrikada keçirilən mundialda Niderlandı məğlub edərək kuboku əldə edirlər.

Bu komandalar indiyə qədər 27 dəfə üz-üzə gəliblər. Bu matçların 14-də İngiltərə qalib gəlib. 3 matçda tərəflər arasında bərabərlik qeydə alınıb. İspanlar isə 10 dəfə sevinən tərəf olub.

Maraqlısı budur ki, 27 dəfə üz-üzə gəlməklərinə baxmayaraq AÇ-2024-ün finalı tərəflər üçün ən vacib görüş olacaq.

Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, İspaniya yığmasının ən yaşlı futbolçusu Xesus Navas 2006-cı ildə hazırda İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt futbolçu olarkən ona qarşı oynayıb. Belə ki, həmin həlledici matçda “Midlsbro” və “Sevilya” üz-üzə gəlir. Həmin vaxt Sautqeyt ingilislərin kapitanı idi. Matç isə ispan klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bu dəfə isə Sautqeyt baş məşqçi, Navas isə futbolçu kimi üz-üzə gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti