Almaniyada təşkil olunan Avropa çempionatında bu gün ikinci finalçının adına aydınlıq gələcək.
Sportinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin son matçında Niderland və İngiltərə komandaları münasibətləri aydınlaşdıracaqlar.
İngiltərə millisi 1/4 finalda penaltilər seriyasında İsveçrəni üstələyib. Niderland isə Türkiyə yığmasını mübarizədən kənarlaşdırıb.
Bakı vaxtı ilə saat 23:00-da Dortmund şəhərindəki "Siqnal İduna Park" stadionunda start götürəcək görüşü almaniyalı referi Feliks Şvayer idarə edəcək.
Niderland və İngiltərə milliləri daha əvvəl böyük turnirlərdə üç dəfə qarşılaşıblar.
AVRO-1988-də "narıncılar" rəqibini 3:1 hesabı ilə üstələyiblər.
Bundan iki il sonra mundiala təsadüf edən qarşılaşma qolsuz başa çatıb. 1996-cı ildəki qitə çempionatında britaniyalılar sevinən tərəf olublar - 4:1.
İngiltərə yığması Niderlanda qarşı son 9 matçın (4 heç-heçə, 4 məğlubiyyət), sadəcə, birində qələbə qazanıb. Dünya çempionları 2018-ci ildə Amsterdamda reallaşan yoldaşlıq görüşündə qalib gəlib - 1:0.
İngilislər turnir tarixində dördüncü dəfə yarımfinal mərhələsində iştirak edir. 1968-ci ildə Yuqoslaviya, 1996-cı ildə Almaniyaya uduzan komanda AVRO-2020-də Danimarkanı məğlub edib.
"Narıncılar" isə bu raundda beş dəfə mübarizə aparıb və yalnız birində - çempion olduğu AVRO-1988-də finala yüksəlib.
Yarımfinalın ilk görüşündə Fransa millisini 2:1 hesabı ilə məğlub edən İspaniya finala yüksəlib.
10 iyul
23:00. Niderland - İngiltərə
Baş hakim: Feliks Şvayer (Almaniya).
Dortmund, "Siqnal İduna Park".