COP29

Onun qəhrəman ola bilmədiyi oyun... Qazanan yenə Ronaldodur - VİDEOLAR

3 İyul 09:00 Avropa çempionatı 508
Onun qəhrəman ola bilmədiyi oyun... Qazanan yenə Ronaldodur - VİDEOLAR

Avropa çempionatının 1/8 finalında Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldonun əlavə hissələrdə sloveniyalıların qapıçısı Yan Oblaka penaltini vura bilməməsi müzakirələrə yol açıb.

Çərçivə qoruyucusunun 11 metrlik cərimə zərbəsini dəf etməsi bu ikili arasındakı əvvəlki rəqabətin yenidən gündəmə gəlməsinə səbəb olub.

Sosial şəbəkələrdə Kriştianunun “Real”da və “Yuventus”da oynayarkən “Atletiko”nun qapısına 3 oyunda 3 qol vurması gündəmə gəlib. Bunun da onlar arasında hələ illər əvvəldən başlayan əzəli rəqabətin yaranmasına yol açdığına diqqət yönəlib.

Ronaldo Yan Oblakın qapısına ilk dəfə 3 qolu 2016/2017-ci il mövsümündə səfərdə vurub. Noyabrın 19-da keçirilən qarşılaşmada Kriştianu 23-cü dəqiqədə hesabı açıb. 71-ci dəqiqədə isə o, penaltidən fərqlənərək dublunu rəsmiləşdirib. Bununla kifayətlənməyən superulduz 77-ci dəqiqədə “kral klubu”nun Madrid derbisində darmadağınla qələbəsini təmin edib və het-triklə yadda qalıb.

Elə həmin mövsümdə portuqaliyalı forvard ikinci dəfə bir matçda Yan Oblakın qapısına 3 qol vurub. Bu dəfə daha böyük turnirin – Çempionlar Liqasının yarımfinalında. “Santyaqo Bernabeu” stadionunda keçirilən görüşdə Ronaldo artıq 10-cu dəqiqədə hesabı açıb. 73-cü dəqiqədə rəqibini ikinci dəfə mərkəzə dəvət edən hücumçu, 86-cı dəqiqədə oyunda son nöqtəni qoyub.

Ronaldonun Oblaka qarşı het-trik etdiyi 3-cü görüş daha çox yadda qalıb. Portuqaliyalı forvard həmin vaxt artıq “Real”ı “Yuventus”a dəyişmişdi. İtalyan klubu Çempionlar Liqasının 1/8 finalında “Atletiko”ya rəqib olur. İlk görüş Madriddə - “Vanda Metropolitano” stadionunda keçirilir. Meydan sahibləri bu görüşdə “Yuventus”u 2:0 hesabı ilə məğlub edir. Matçdan əvvəl turinlilərin favorit görünməsi “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneni əsəbiləşdirir. O, vurulan ikinci qoldan sonra “Yuventus” tərəfinə qeyri-etik jest edir. Argentinalı mütəxəssisin bu hərəkəti Ronaldonu özündən çıxarır.

Növbəti görüş isə bir həftə sonra “Alyans Arena”da baş tutur. “Yuventus”un müdafiəsi ilə öyünən “Atletiko” ilə matçda 0:2 hesablı geriliyi aradan qaldıracağı heç kəsə inandırıcı gəlmir. Səhnəyə isə dünya futbol tarixinin ən yaxşılarından olan Kriştianu Ronaldo çıxır. Simeonenin hərəkətini unutmayan portuqaliyalı 27-ci dəqiqədə italyan azarkeşləri ümidləndirir. İkinci hissənin startından 4 dəqiqə sonra isə Ronaldo ümumi hesabda tarazlıq yaradaraq ikinci qolunu vurur.

86-cı dəqiqədə Kriştianu “Yuventus” üçün növbəti mərhələni təmin edən qolun müəllifi olur və Simeonenin Madriddə etdiyi hərəkətin eynisini edərək ona cavab verir. Bu zaman futbolçular arasında gərginlik yaşanır. 3 dəfə Ronaldonun qapısına het-trik etməsini həzm edə bilməyən Oblak da Kriştianu ilə mübahisə edir. Bu matçdan sonra isə onlar arasındakı rəqabət daha da qızışır.

Ötən gecə Ronaldonun penaltisini qaytaran Yan Oblakın sevinci də rəqabətin necə dərin olmasından xəbər verirdi. Ronaldo isə vura bilmədiyi penaltiyə görə ağlayaraq gündəmə gəldi. Portuqaliyalı ulduz vacib anda əzəli rəqibinə uduzub komandasını önə keçirə bilmədiyinə görə göz yaşlarına hakim ola bilmədi.

Buna baxmayaraq Kriştianunun komanda yoldaşı, Oblakın həmkarı Dioqo Koşta da adından söz etdirə bildi. Portuqalların kapitanının vura bilmədiyi penaltini sığortalayan Koşta 11 metrlik zərbə seriyasında 3 penaltini dəf edərək komandasını növbəti mərhələyə daşıdı. Həmçinin Ronaldo özü də penaltilər seriyasında fərqləndi. Ulduz futbolçu psixoloji durumu düzəltmək üçün ilk 11 metrlik zərbəni yerinə yetirdi və bu dəfə Oblakı məğlub etdi. Uzaq “6-lığ”a topu göndərərək fərqləndi. Penaltidən sonra isə o, azarkeşlərdən üzr istədi...

Yəqin ki, bu matç Ronaldo və Oblak arasında sonuncu duel idi. Hələ ki, buradan Ronaldo qalib ayrılır (qafqazinfo)…

Elsevər Məmmədov

Xəbər Lenti