COP29

“Bu, pilot layihədir, illər keçdikcə, klub daha çox tanındıqca…”

11 İyul 02:40 Avropa Liqası 481
“Bu, pilot layihədir, illər keçdikcə, klub daha çox tanındıqca…”

İçərişəhərdə, Qız qalasının yanında "Sabah"ın azarkeş mağazası açılıb. Bununla bağlı Masazır təmsilçisinin icraçı direktoru Pərvin Piriyevlə əlaqə saxladıq.

Sportinfo.az xəbər verir ki, sportal.az-a müsahibə verən klub rəsmisi fan-şopla bağlı planlarından, qarşıya qoyulan hədəflərdən danışıb:

- Fan-şopla bağlı fikirlərinizi bölüşərdiz. Bu idea necə yarandı?

- "Sabah" Futbol Klubu yarandığı gündən həmişə strateji inkişafa önəm verib. Bu strateji inkişafın əsas elementlərindən biri də marketinq sahəsinin inkişafıdır. Dünyanın böyük klublarına baxsaq, fan-şopların onların gəlir yerlərindən biri olduğunu görərik. Öz fəaliyyətimizi planlaşdırmadan öncə bu sahədə tədqiqatlar aparırıq. Əgər beynəlxalq təcrübələr varsa, biz bunu lokallaşdırıb öz fəaliyyətimizdə tətbiq etməyə çalışırıq. Əlbəttə ki, TOP klubların istifadə etdiyi bu təcrübə bizim nəzərinizdən yayına bilməzdi. Bu, yeni idea deyil. Amma biz bunu özünəməxsus şəkildə reallaşdırmağı qarşımıza hədəf qoymuşuq.

- Azarkeş mağazasından gözləntiləriniz nədir?

- Qeyd etdiyim kimi, daim strateji inkişafa əhəmiyyət veririk. Strateji inkişafın əsas faktorlarından biri də bunun dayanıqlı olmasıdır. Atdığımız bütün addımların mərhələli və bir-birini dəstəkləyən addımlar olmasına çalışırıq. Bu, bizim "Sabah" məhsullarının satışı sahəsində ilk təcrübəmiz deyil. Klub yaranandan bir müddət sonra "Sabah"ın brendini daşıyan məhsulların alışına marağın tədricən yaranmaqda olduğunu gördük. Sözsüz ki, həmin vaxt fan-şop aça bilməzdik. Çünki, tələbat o qədər də çox deyildi. Buna görə də test etmək üçün klubun saytında onlayn mağaza açdıq, formalara adların ödənişsiz yazılmasını, pulsuz çatdırılma xidmətini təqdim etdik və bazarın tələbatını yoxladıq. İlk illərdə düzdür, böyük sayda satış etmədik, amma qarşıya qoyulan hədəflərin hamısına çatdıq. Bazamızın yerləşdiyi Masazırda çox ciddi tələbat olduğunu müəyyən etdik. Buna görə də stadionun qarşısında bir mağaza açdıq. İllər keçdikcə, klub daha çox tanındıqca tələbatın çox olduğunu görüb Bakının mərkəzində klubun məhsullarının satışını həyata keçirməyi qərara aldıq. Sözsüz ki, qarşıya qoyulan hədəflər var. Əsas gözləntilərimiz ondan ibarətdir ki, həm şəhəri ziyarət edən turistlər, həm yerli ziyarətçilər şəhər mərkəzində gəzərkən rahatlıqla "Sabah"ın formasını əldə edə bilsin. Bu layihə bizim üçün pilot xarakteri daşıyır. Pilot olaraq bəzi məhsullar yerləşdirmişik, bəzi yeniliklər etməyi planlaşdırırıq. Bunların nəticəsini gördükdən sonra qarşıya yeni hədəflər qoyacağıq.

- Gələcəklə bağlı planlarınız nədir?

- Bir neçə vacib istiqamətimiz var. Birinci istiqamət mağazanı daim gündəmdə saxlamaqdır. Fan-şopa daha çox insan daxil olmalıdır ki, daha çox alış olsun. Hədəflərimizə çatmaq üçün daha çox alış olmalıdır. Bizim üçün vacib olan ikinci məsələ günün trendlərinə uyğun yeni layihələr həyata keçirmək, insanların tələbatını öyrənmək, onların tələbatını ödəyən yeni məhsullar formalaşdırmaqdır. Üçüncü istiqamətimiz fan-şopun yalnız mağaza kimi fəaliyyət göstərməsi deyil. Həmçinin, azarkeşlərin vaxtlarını səmərəli keçirməsi üçün həllər fikirləşməkdir. Həm içəri, həm də çöl sahəmiz var. Bu isə o deməkdir ki, brada müxtəlif tədbirlər həyata keçirə bilərik.

- Sizcə, fan-şopun klubun daha çox tanınmasına və sevilməsinə təsiri necə olacaq?

- Bizim təhlillərimiz və tədqiqatlarımız göstərir ki, klub nə qədər tanınsa, seçilsə, fan-şopun fəallığı da bir o qədər artır. İnsanlar bizi tanımalıdır ki, mağazanı ziyarət edib oradan alış etmək istəsin. Lakin o fikir də doğrudur ki, şəhər mərkəzinə gələn insanlar burada belə bir fan-şopun olduğunu görüb bura daxil ola və klub haqda məlumat əldə edə bilərlər. Bizim həyata keçirdiyimiz bu konseptin ən üstün tərəflərindən biri də odur ki, fan-şopu tək açmamışıq. Klubun sponsoru "Coffee Costa" ilə birlikdə açmışıq. Düşünürəm ki, bu, Azərbaycanda bir yenilikdir. "Coffee Costa" ilə olan əməkdaşlığımız bizim daha çox tanınmağına kömək edən proses olacaq. Ola bilər ki, insan klubu tanımadığı üçün fan-şopa daxil olmaq istəməsin. Amma kofe içmək üçün bura gələ bilər. "Coffee Costa"yə daxil olan şəxs artıq "Sabah"ın azarkeş mağazasını da görəcək.

- Buradan əldə edilə biləcək mümkün gəlirlə bağlı ehtimallarınız necədir? Sizcə, fan-şopun kluba hansı faydaları olacaq?

- Yalnız bizdə deyil, beynəlxalq təcrübədə də fan-şopun açılmasının əsas məqsədlərindən biri klub üçün bir gəlir mənbəyi formalaşdırmaq, azarkeşlər üçün klubu daha əlçatan etməkdir. Mağazanı açmadan öncə həm özümüzün əvvəlki təcrübələrimizi nəzərdən keçirmişik, həm yerli, həm də beynəlxalq bazarda tədqiqat aparmışıq. Ona uyğun olaraq qarşımıza müəyyən hədəflər qoymuşuq. Düşünürəm ki, zaman keçdikcə artıq bu gözləntilərin, proqnozların və hədəflərin reallıqla necə uzlaşdığını daha yaxşı görə biləcəyik.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 23:40 Niyə bəyənməyim?
23 Noyabr 17:50 Çək və bizə göndər!
23 Noyabr 12:20 Messi ora gəlməyəcək
23 Noyabr 10:40 Bəzən belə də olur...