Mərakeş millisi bu dünya çempionatının sensasiyası deyil, əslində kəşfidir.
Ərəblər Mərakeş ölkəsini Əl-Məqrib adlandırırlar. Günəşin əks tərəfi yəni...
Portuqaliyanı da mübarizədən kənarlaşdıqdan sonra inamla demək olar ki, Mərakeşi göstərdiyi futbola görə Məşriqdən Məqribədək(günəş doğan tərəf)artıq tanıyırlar, hörmət edirlər.
Mən bu millini ona görə bəyənirəm ki, mundialda öz futbolunu maksimum səviyyədə oynayır və bütün potensialını ortaya qoyur, son dəqiqələrə kimi mübarizəni bacarır, müdafiəsi yüksək səviyyədədir.İndiyədək öz qapılarından cəmi bir top buraxıblar, onu da qapılarına öz oyunçuları vurub. Fantastik nəticədir.
Mərakeş bu mundialıda çempionluğa namizəd göstərilən Belçikaya öz qrupunda qalib gəlib, yarımfinalçı Xorvatiya ilə heç-heçə edib, sonra isə pley-offda daha bir Avropa qrantı İspaniyanı evlərinə göndərib. Sırada Portuqaliya vardı. İspanlar ötən əsrlərdə ingilis və fransızlarla bu ərəb ölkəsini öz koloniyasını çeviribmək istəyiblər. 37 milyonluq ölkədə indi azsaylı olsa da, ispanlar da, portuqallar da yaşayır. Bəlkə də vaxtilə ölkələrindən onları qova bilməyiblər, indi isə əvəzini çıxıb onları mundialdan “təmizlədilər”.
Komandanın baş məşqçisi Valid Reqari Fransada anadan olmasına baxmayaraq, 2001-ci ildə Mərakeş millisində oynamağa qərar verib. Karyerasını başa vurduqdan sonra Mərakeş millisinin məşqçilər korpusunun üzvü olub, bir neçə klubda çalışıb, ötən il isə Afrika qitəsinin ən yaxşı məşqçisi seçilib. Qətərdə dünya çempionatının başlamasına iki ay qalmış o, bosniyalı Vahid Halilhodjiçin yerinə Mərakeş millisinin baş məşqçisi vəzifəsinə təyin edilib.
Portuqaliya ilə oyunadək ardıcıl 11 görüş idi ki, mərakeşlilər məğlub olmurdular. Mərakeş futbolunda Afrika futbolçularında daha çox rast gəlinən kobud oyun yoxdur, onlar Avropa futbolu oynayırlar. Amma “Afrika şirləri” kimi güclü və hazırlıqlıdırar. 30 ildən çox idi ki, Mərakeş ¼ mərhələsinə keçə bilmirdi və Portuqaliya ilə qarşılaşmanın nəticəsindən asılı olmayaraq, onlar ölkə futbolu adına tarixin yeni səhifəsini artıq yazmışdılar. Amma “iştaha diş altındadır” deyirlər. Kimlər getdi bu mundialdan... Braziliya belə artıq çempionluq yarışında yoxdursa, niyə də Ronaldonun da “bileti kəsilməyəydi”?
Portuqaliyalılar isveçrəlilərlə qarşılaşmada yaxşı oynadılar, skandinaviyalıların qapısına 6 top vurmaqla onları biabır etdilər. Zalım uşaqlara elə bil Qətərə günlənməyə gəliblərmiş. Serbiya ilə oyunda aralarında olan siyasi gərginlik səbəbindən özlərini öldürüb qələbə qazandılar. Vəssalam. Bir yadda qalan oyunlar o oldu. Portuqaliya millisinin baş məşqçisinin isveçrəlilərlə oyunda Ronaldonu ehtiyatda saxladı, Mərakeşlə oyunda isə ikinci hissədə meydana buraxmaqla mesajını vermiş oldu: onun bu millinin heyətində vacib olduğu dövr bitdi. Əminəm ki, Ronaldo nəhayət karyerasını başa vurub millidən gedəndən sonra bu komandanın uğurları daha çox olacaq. Kim bilir, bəlkə o zaman Portuqaliyaya azarkeşlik də etdim...
Mərakeşlə oyunun sonunda ilk dəfə ona yazığım gəldi. İnsan övladı doğulur, böyüyür, həyatda hansısa yer, mənsəb tutur, şöhrət başdan tökülür, amma günlərin birində onların hamısı bitir. Bu daha çox idmançıların taleyində rast gəlinir. Böyük bir depressiya. Ronaldo milyonlar üçün bir əfsanədir, kumirdir. Amma keçmişdir! Mundialdan əvvəl demişdi ki, çempion olarlarsa, futboldan gedər. Bu zatən onun son mundialı idi. Oyunun 51-ci dəqiqəsində meydana çıxdı, amma Portuqaliyaya xeyir gətirə bilmədi. Bu tək onun ayağına yazılan qüsur deyil. Amma o Ronaldodur deyə, bütün diqqətlər onun üzərindədir, istəyirlər yenə qol vursun, çox şey umurlar ondan. O isə mümkünsüzü istəyir: keçmişi... Ronaldonun azərbaycanlılar demişkən, qazandığı nəsil-kökünə bəsdir, amma Ronaldo insan övladı olaraq şöhrətə doymur...
Mərakeş Portuqaliyanı ağıllı oyunu ilə mundialdan uzaqlaşdırdı. Komandaların gücü bərabər idi, hətta ikinci hissədə Portuqaliya daha yaxşı oynadı. Mərakeş oyunun əvvəlində topu Portuqaliyaya verib, əks hücümlara ümid etdi və yeganə qolla qalib gəldilər.
Pepenin oyundan sonrakı açıqlaması bir az beynimə “qurd saldı”. O, qarşılaşmanı idarə edən argentinalılardan şikayətlənib ki, Mərakeşi qapısına penal təyin etməyib. Sonra eyham vurub ki, bu Argentinanın çempionluğuna hazırlıqdır və sairə... Amma Argentinanı çempion etmək FİFA-nın, lap elə Qətər əmirinin nəyinə lazımdır ki? Elə Fransa-İngiltərə ilə oyunda da penallar haqda birmənalı rəy bildirmək mümkün deyil. Xüsusilə Keynin “içinə gül qoyduğu” ikinci penalla bağlı.
Yazıların birində hansı ölkə komandasının çempion olacağı haqda öz proqnozumu yazmışam. Bu gecə İngiltərə çox yaxşı oyun göstərdi, amma Fransa...Xəsisliklə yazsam, çox yaxşı komandadır, çox yaxşı... Mərakeş bunları necə durduracaq? Şir həmişə şirdir, mənim qardaşım...
Nazim SABİROĞLU