“Globe Soccer Awards” mükafatlarının qalibləri bəlli olub.
Sportinfo.az xəbər verir ki, “Real Madrid”in futbolçusu Vinisius Juniyor 2024-cü ilin ən yaxşı futbolçusu və hücumçusu seçilib.
“Əl-Nəsr” klubunun ulduzu Kriştiano Ronaldo isə Yaxın Şərqin ən yaxşı futbolçusu adına laiq görülüb.
Mükafatlandırma mərasimində çıxış edən Ronaldo bu il qalmaqala səbəb olan “Qızıl top”u “Mançester Siti”nin üzvü Rodri deyil, “Real Madrid”in forvardı Vinisiusun qazanmalı olduğunu deyib:
“Vinisius əla iş görür. Fikrimcə, o, “Qızıl top”u qazanmağa layiq idi.
Onun səsvermədə ikinci yeri tutması ədalətsizlik idi. Mükafat Rodriyə verildi, o da buna layiqdi. Amma Vinisius Çempionlar Liqasınının finalında vurduğu qolla bunu qazanmalı idi.
Məhz buna görə də mən “Globe Soccer Awards”ı bəyənirəm. Onlar dürüstdürlər. Vinisius qalib adına tam layiq idi”.
Ronaldonun bu çıxışı alqışlarla qarşılanıb. Daha əvvəl FİFA da Vinisusu ilin ən yaxşısı seçmişdi.