
Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Şevçenko qurumun konqresində çıxış edərək, Rusiya komandalarının yenidən Avropa futboluna mümkün qəbulu ilə bağlı mövqeyini bildirib.
Sportinfo.az “Tribuna”-ya istinadən xəbər verir ki, ötənlərin məşhur futbolçusu Rusiya komandalarına tətbiq edilən sanksiyaların davam etməli olduğunu deyib:
“UEFA İcraiyyə Komitəsinə namizədliyimi dəstəklədikləri üçün regional assosiasiyalara təşəkkür edirəm. İlin əvvəlindən mən Ukraynaya dəstək və Avropa futbolunun inkişafı ilə bağlı fikirlərimi təqdim etdiyim bir çox görüşlər keçirmişəm.
Bir çox ölkələr Ukraynanı dəstəkləyir. İmzalanan əməkdaşlıq memorandumları bunu təsdiqləyir. Bizə səs verən ölkələrə minnətdarıq.
Rusiya komandalarının UEFA yarışlarında iştirakı ilə bağlı mövqeyim dəyişməz olaraq qalır. Nə qədər ki, münaqişə davam edir, onların qəbulu məsələsinə baxıla bilməz.
Bütün şərtlərə baxmayaraq, biz diqqətimizi Ukrayna futbolunun inkişafına yönəldərək irəliləyirik”.
Şevçenko aprelin əvvəlində keçirilən səsvermədən sonra UEFA-nın İcraiyyə Komitəsinə daxil edilməyib.
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə görə bu ölkənin futbol komandaları FİFA və UEFA-nın turnirlərindən uzaqlaşdırılıb.