“Benfika”nın argentinalı cinah oyunçusu Anxel Di Mariya, əvvəllər “Real”ın heyətində çıxış edərkən, Xosep Qvardiolanın rəhbərliyi altındakı “Barselona” ilə keçirdiyi oyunlar haqqında xatirələrini bölüşüb.
Sportinfo.az “Barca Universe”-yə istinadən xəbər verir ki, Di Mariya, oyunlar vaxtı həmyerlisi Lionel Messinin zədə almaması üçün çalışdığını da etiraf edib:
“Qvardiola ilə “Barselona”nı məğlub etməyin tək yolu onlardan topu almaq idi. Onlardan daha çox mübarizə aparmaq və daha çox qaçmaq.
Bu, meydanda təzyiqi və gərginliyi artırırdı.
Mən həmişə Lionel Messini düşünürdüm, onu zədələmək istəmirdim. Amma onu dayandırmaq üçün başqa bir yolumuz yox idi!”
Qvardiola 2008-2012-ci illər arasında “Barselona”nın baş məşqçisi olub.
Bu dövr ərzində “Barselona” iki dəfə Çempionlar Liqasını, üç dəfə İspaniya çempionluğunu, iki dəfə İspaniya kubokunu, üç dəfə İspaniya superkubokunu, iki dəfə Klublararası dünya çempionatını və Avropa superkubokunu qazanıb.