COP29

Yayın ən bahalı və səs-küylü transfer bazarlığı - FOTOLAR

17 Avqust 05:00 Dünya futbolu 532
Yayın ən bahalı və səs-küylü transfer bazarlığı - FOTOLAR

Sportinfo.az xəbər verir ki, 2024-2025-ci il mövsümündə Avropanın böyük liqalarında çıxış edən komandalar heyətlərini gücləndirməkə davam ediblər.

Bir müddət “Fənərbağça”da da çıxış edən danimarkalı müdafiəçi Zanka “Brentford”la müqaviləsi başa çatdıqdan sonra Belçikanın “Anderlext” komandası ilə anlaşıb.

34 yaşlı müdafiəçi ötən mövsüm 18 matçda 1 qol vurub.

İngiltərə Premyer Liqa komandalarından olan “Brayton” “Maynts 05”dən Brayan Qrudanı transfer edib.

Britaniya komandasının Qruda üçün “Maynts 05”ə 30 milyon avro ödəyəcəyi bildirilib.

Alman sağ cinah yarımmüdafiəçisi ötən mövsüm ümumilikdə 29 matçda meydana çıxmaq şansı əldə edib və komandasına 3 qol və 5 məhsuldar ötürmə verib.

“Mançester Yunayted” “Bavariya”dan hollandiyalı müdafiəçi Mathijs de Layti transfer etdiyini açıqlayıb.

Britaniya komandası 25 yaşlı müdafiəçi üçün 45 milyon avro transfer haqqı ödəyəcək.

Mathijs ötən mövsüm Almaniya təmsilçisinin heyətində ümumilikdə 30 oyuna çıxıb və 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

De Laytdan sonra “Mançester Yunayted” “Bavariya”dan daha bir müdafiəçi alıb.

İngiltərə təmsilçisi mərakeşli sağ cinah müdafiəçisi Noussair Mazraouini 15 milyon avroya transfer edib.

26 yaşlı müdafiəçi ötən mövsüm “Bavariya”nın heyətində 29 dəfə meydana çıxıb və 4 qol vurub.

İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut” “Barselona”dan Julian Arauksonu transfer edib.

Klub meksikalı müdafiəçi üçün 10 milyon avro ödəyib.

Ötən mövsümü icarə əsasında “Las-Palmas”da keçirən 23 yaşlı futbolçu 28 matçda meydana çıxıb və 2 qol vurub.

Almaniya Bundesliqa komandası “Leyptsiq” klubu “Brüg”dən Antonio Nusanı 20 milyon avroya heyətinə qatıb.

19 yaşlı norveçli sol cinah yarımmüdafiəçisi ötən mövsüm Belçika klubunun heyətində bütün turnirlərdə ümumilikdə 46 oyuna çıxıb, 4 qol vurub, 4 məhsuldar ötürmə edib.

İngiltərə Premyer Liqa komandası “Brentford” “Liverpul”dan portuqaliyalı futbolçu Fabio Karvalyonu heyətinə qatıb.

Brentford Fabio Karvalyo üçün “Liverpul”a 23,4 milyon avro ödəyəcək.

Ötən mövsümü icarə əsasında “Leypsiq” və “Hall Siti”də keçirən 21 yaşlı futbolçu 35 matçda meydana çıxıb və 9 qol vurub, 2 məhsuldar ötürmə edib.

İtaliya A Seriyasının komandalarından olan “Milan” “Tottenhem”dən Emerson Royalı transfer etdiklərini açıqlayıb.

Bildirilib ki, klub braziliyalı müdafiəçi üçün 15 milyon avro ödəyib.

Almaniya Bundesliqa komandalarından Dortmund “Borussiya”sı “Hoffenhaym”dan Maksimilian Beyeri heyətinə qatıb.

Klub 21 yaşlı mərkəz forvardı üçün 28,5 milyon avro ödəyib.

Alman futbolçu ötən mövsüm 35 matçda 16 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Atletiko Madrid” “Mançester Siti”nin argentinalı hücumçusu Julian Alvaresi heyətinə qatıb.

İspan komandasının bu transfer üçün Pep Qvardiolanın komandasına 75 milyon avro ödədiyi bildirilib.

24 yaşlı mərkəz hücumçusu ötən mövsüm İngiltərə komandasının heyətində bütün yarışlarda ümumilikdə 54 oyuna çıxıb, 19 qol vurub, 13 məhsuldar ötürmə edib.

İtaliya A Seriyasının komandalarından olan “Fiorentina” 2023-cü ilin iyulundan bəri heç bir klubla müqavilə imzalamayan ispan qapıçı David de Xeanı heyətinə qatdığını açıqlayıb.

İtaliya A Seriyasının komandalarından olan “Atalanta” ötən mövsüm “Cenoa”da çıxış edən Mateo Reteqini transfer edib.

İtaliya millisinin futbolçusu üçün “Atalanta”nın 22 milyon avro ödədiyi bildirilib.

Mario Reteqi ötən mövsüm “Cenoa”nın heyətində ümumilikdə 31 oyuna çıxıb, 9 qol vurub, 3 məhsuldar ötürmə edib.

“Paris Sen Jermen” Frankfurt “Ayntraxt”ının 22 yaşlı müdafiəçisi Villian Paçonu heyətinə qatıb.

PSJ ekvadorlu futbolçu üçün 40 milyon avro transfer haqqı ödəyib. Villian Paço ötən mövsüm Almaniya klubunda 44 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.

PSJ həmçinin “Benfika”nın 19 yaşlı futbolçusu Joao Neveşi heyətinə qatıb. Joao Neves üçün PSJ-nin “Benfika”ya təxminən 60 milyon avroluq transfer haqqı ödədiyi bildirilib.

Joao Neves ötən mövsüm “Benfika”nın heyətində 55 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

İspaniya La Liqa komandalarından olan “Barselona” İspaniya millisinin futbolçusu Dani Olmonu “Leypsiq”dən transfer etdiyini açıqlayıb.

26 yaşlı futbolçu üçün Kataloniya klubunun 55 milyon avro ödəyəcəyi bildirilib.

6 illik müqaviləyə imza atan Dani Olmonun sərbəst qalma məbləğinin 500 milyon avro olduğu bildirilirdi.

“Benfika” PSJ-dən Renato Sançeşi icarə əsasında heyətinə qatıb.

Ötən mövsümü icarə əsasında “Roma”da keçirən portuqaliyalı yarımmüdafiəçi 12 matçda 1 dəfə fərqlənib.

“Vest Hem Yunayted” Dortmund “Borussiya”sının təcrübəli hücumçusu Niklas Füllkruqu heyətinə qatdığını açıqlayıb.

“Vest Hem Yunayted” 31 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalayıb. İngiltərə komandasının Füllkruq üçün qarşı tərəfə 27 milyon avro ödəyəcəyi bildirilib.

Niklas ötən mövsüm “Borussiya”da 43 matçda forma geyinib və 15 qol vurub, 10 məhsuldar ötürmə edib.

İtaliya A Seriyasının komandalarından olan “Roma” ötən mövsüm İspaniya La Liqasının bombardiri olan Artem Dovbiki heyətinə qatıb.

İtaliya komandasının ukraynalı hücumçu üçün “Jironaya” 30,5 milyon avro ödədiyi bildirilib.

27 yaşlı hücumçu ötən mövsüm 39 matçda 25 qol vurub, 10 məhsuldar ötürmə ilə komandasının Çempionlar Liqasına vəsiqə qazanmasında böyük rol oynayıb.

İngiltərə Premyer Liqa komandalarından olan “Fulhem” “Arsenal”dan Emil Smit Rou heyətinə qatıb.

Qeyd olunub ki, “Fulhem” ingilis yarımmüdafiəçi üçün "Arsenal"a 31,8 milyon avro ödəyəcək.

Emil Smit Rou ötən mövsüm “Arsenal”ın heyətində 19 matçda meydana çıxmaq şansı qazanıb və 2 qol vurub.

İngiltərə Premyer Liqa təmsilçisi “Çelsi” “Vilyarreal”dan danimarkalı qapıçı Filip Yorgenseni heyətinə qatıb.

“Çelsi” 22 yaşlı qolkiper üçün “Vilyarreal”a 24,5 milyon avro ödəyəcək.

İspaniya La Liqa komandalarından olan “Atletiko Madrid” AVRO-2024-dəki çıxışı ilə diqqət çəkən Robin Le Normandı heyətinə qatıb.

Madrid təmsilçisi bu transfer üçün “Real Sosyedad”a 34,5 milyon avro ödəyəcək.

“Real Madrid” gənc ulduzlara sərmayə qoymağa davam edib. Madrid komandası transferi üçün 2 il əvvəldən razılaşdıqları Endriklə 18 yaşı tamam olduqdan sonra rəsmi müqavilə imzalayıb.

“Real Madrid” 18 yaşlı gənc futbolçu üçün “Palmeyras”a 47,5 milyon avro ödəyib.

İtaliya A Seriyasının komandalarından olan “Milan” AVRO-2024-də İspaniya ilə çempionluq yaşayan ispaniyalı hücumçu Alvaro Moratanı heyətinə qatıb.

“Milan”ın 31 yaşlı ulduz üçün “Atletiko Madrid”ə 13 milyon avro ödədiyi bildirilirdi.

“Real Madrid” PSJ ilə müqaviləsi başa çatan fransız ulduz Kilian Mbappeni heyətinə qataraq futbol tarixinə düşən transferə imza atıb.

Madrid komandası 25 yaşlı ulduz futbolçu üçün “Santyaqo Bernabeu” stadionunda möhtəşəm imza mərasimi keçirib.

Uzun illərdən sonra Premyer Liqaya qayıdan “İpsviç Taun” klubu “Mançester Siti”nin gənc futbolçusu Liam Delapı heyətinə qatıb.

“İpsviç Taun” 21 yaşlı ingilis mərkəz forvardı üçün 17,8 milyon avroluq transfer haqqı ödəyəcəyi bildirilib.

“Napoli” “Real Madrid”dən ispan müdafiəçi Rafa Marini transfer etdiyini açıqlayıb.

“Napoli” Rafa Marin üçün “Real Madrid”ə 12 milyon avro ödəyib.

Ötən mövsüm UEFA Avropa Liqasında çempionluq yaşayan “Atalanta” “Qalatasaray”dan olan Nikolo Zaniolonu icarə əsasında heyətinə qatıb.

“Atalanta”nın 25 yaşlı futbolçu üçün 6,4 milyon avro icarə haqqı ödəyəcəyi bildirilirdi.

Fransa Liqa 1 komandalarından biri olan “Lill” PSJ U19 Komandasında çıxış edən Kilian Mbappenin qardaşı Ethan Mbappeni transfer etdiyini açıqlayıb.

“Lill” bu transfer üçün PSJ-yə heç bir transfer haqqı ödəməyib. 17 yaşlı futbolçu PSJ-də 5 matçda meydana çıxıb.

“Mançester Yunayted” “Lill”dən fransalı müdafiəçi Leni Yoronu transfer edib.

18 yaşlı gənc müdafiəçi üçün ingilis nəhənginin seyfindən 62 milyon avro çıxıb.

Ötən mövsüm Leni Yoro “Lill”in heyətində bütün turnirlərdə ümumilikdə 44 oyun keçirib və 3 qol vurub (qafqazinfo).

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…