COP29

İlkin Fikrətoğlu - Futbolumuzun ləkəsi kimlərdir?

29 İyun 17:40 Dünya futbolu 847
İlkin Fikrətoğlu - Futbolumuzun ləkəsi kimlərdir?

Avro-2024-də qrup mərhələsinə yekun vuruldu. Çempionatda oynanılmalı olan 51 matçdan 36-sı artiq öz hesabları ilə tarixin yaddaşına köçdü.

24 iştirakçı komandadan 8-i qrup mərhələsinin yekunlarına görə mübarizəni dayandırdı. Şotlandiya istisna olmaqla turniri tərk edən yığmalar Mərkəzi və Şərqi Avropa ölkələrinin milliləri, həmçinin Balkan komandaları oldu.

Qruplar üzrə diqqət yetirək:

A qrupunda qeyri-adi nəsə olmadı. AVRO-2024-ün ev sahibi Almaniya gözlənildiyi kimi qrup mərhələsini lider olaraq bitirdi. 2-ci yer uğrunda mübarizədə daha hazırlıqlı İsveçrə Macarıstanı üstələdi. Macarıstan son turda 90+10-cu dəqiqədə Şotlandiyaya vurduğu qələbə qolu ilə pley-off üçün ümidlənmişdi.

Amma digər qrupda Portuqaliyanın son turda sensasion şəkildə Gürcüstana uduzması Macarıstanı 4 ən yaxşı qrup 3-cüsü sıyahısından kənara atdı. Portuqallar o məğlubiyyətə heç o qədər üzülmədi, amma zavallı macarlar Ronaldo və yoldaşlarını söyə-söyə evə yollanmalı oldu.

Şotlandiya isə turnirə sanki əyləməyə gəlmişdi. Bu Britaniya ölkəsinin komandası elə açılış oyununda Almaniyadan ağır zərbə aldı 1-5. İsveçrə ilə 1-1 onlara son tur ücün ümid versə də, Macarıstana bacarmadılar. Bununla da tribunalardan dama-dama yubkalı şotland kişiləri yığışdı.

Qrup mərhələsində çıxışı böyük fiasko kimi qiymətləndirilən 1-ci komanda Xorvatiya sayıla bilər. "Ölüm qrupu" hesab edilən B qrupunda yer alan xorvatların İspaniya və İtaiya ilə rəqabətdə işinin çətin olacağı əvvəldən məlum idi. Amma əksəriyyət heç olmasa ən yaxşı qrup 3-cülərindən biri kimi Xorvatiyanı 1\8-də görürdü.

Zlatko Daliçin komandası isə əvvəl Albaniya ilə 2-2 oynamaqla vəziyyətini çətinləşdirdi. Sonra da İtaliyadan son saniyələrdə qol buraxmaqla şok yaşadı.

Beləcə Luka Modriç başda olmaqla xorvatların futbolda növbəti qızıl nəslinin sonuncu böyük turniri fiasko ilə yekunlaşdı. 39 yaşını haqlamaqda olan Modriçin yeganə təsəllisi İtaliyaya vurduğu qolla Avropa çempionatlarının tarixinə ən qocaman qolçu kimi düşməsi oldu. Onu da əgər pley-offda Ronaldo və ya Pepe təzələməsə.

Albaniya B qrupunda sonuncu yeri tutsa da, hər 3 oyunda xoş təsir bağışladı. 23-cü saniyədə İtaliyanın qapısına yol tapan Nedim Bayrami isə Avropa çrempionatlarının tarixinə ən erkən qol rekordunu təzələməklə düşdü. Görün, vaxtilə adı dillərdə gəzən İtaliya müdafiəsi nə günə qalıb ki, Avropa çempionatlarının 64 illik tarixinin ən erkən qol, ən qocaman oyuncunun vurduğu qol rekordları İtaliyanın qapısında qeydə alınıb. Düzdür italiyanlar 2-ci yerlə pley offa çıxdı. Amma komanda bu oyunla çətin çempion tutulunu qoruya.

1\8-də İsveçrəni keçmək çox çətin olacaq. 1\4 finala çıxacaqları halda isə italyanların qarşısına böyük ehtimal İngiltərə çıxacaq.

İspaniya 24 iştirakçı komanda arasında qrup mərhələsnidən bütün oyunları qazanan və qapısından top buraxmayan tək koamnda oldu. Albaniyaya qarşı hətta eksperimental heyətlə oynasalar belə yenə səviyyə fərqi özünü göstərdi. 3 oyun 3 qələbə, top fərqi 5-0.

1\8 finalda Gürcüstan səddini də keçmək ehtimalı olduqca yüksəkdir. C qrupu AVRO-2024-ün ən cansıxıcı qrupu oldu. Qaret Sautgeytin ingilislərin ənənəvi baxımlı futbol ruhunu çoxdan öldürüb. Komanda bir vaxtların İtaliya millisi kimi azarkeşin ürəyini üzə-üzə oynayır, amma nəticə qazanır.

Ötən AVRO-2020-də yalnız finalda uduzaraq ikinciliklə kifayətlənən Sautgeyti məhz nəticəsinə görə Britaniya mediası didib-parçalaya bilmir. Baş məşqçinin mövqeyini təxmini belə xarakterizə etmək olar: İndiyədək İngiltərə baxımlı oynayıb nə qazanıb ki? imkan verin də indi də praqmatik oyunla nəsə əldə edək.

Bu qrupdan Danimarka və sloveniya hər 3 turda heç-heçə oynamaqla pley offa adladı. Serbiya isə ilk turda İngiltərəyə uduzmağının güdazına gedərək 2 xalla turniri tərk etdi.

D qrupunda Levandovskinin Polşası AVRO-2024-ü tərk edəcəyi dəqiqəşən ilk komanda oldu. İlk 2 oyunda uduzan polyaklar üçün hər şey onda bitdi.

Onsuz da yaşlı oyuncuların ümidinı qalan komandaya Arkadiuş Milik kimi oyunçunun zədə üzündən AVRO-2024-dən kənatda qalması böyük zərbə oldu. Levandovski isə məlum məsələdir, əvvəlki Leva deyil. Belə heyətlə Polşa təbii ki. Fransa, Niderland, Avstriya ilə rəqabətə davam gətirməzdi. Avstriya millisi yaxşı mənada təəəcübləndirdi. Millimizin seçmə mərhələdəki rəqibinin Fransa və Niderlandı qabaqlayaraq qrupu lideri kimi bitirməsi alqışalayiqdir. Heyəti rəqibləri üçün vahimə doğuran Fransa qrupda gözlənilən oyunu göstərmədi. Polşa ilə oyunu konkret yola verdilər. Avstriya matçında da onları xal itkisində avtoqol xilsa etdi. 1\8 finalda da istəksiz oynasalar Belçika millisi çətin ki onları bağışlaya.

Niderland isə həmişəki qiyafəsindədir. Qol vurur, qol buraxır, sevindirir, kədərləndirir. Amma püşk onlar üçün münasib yol seçib. 1\8 finalda Ruminıya, 1\4-də isə Avstriya və ya Türkiyə. Azı yarımfinala qədər irəliləyə bilərlər.

İ qrupu - AVRO-2024-ün ağın-qaradan güclünün- zəifdən seçilmədiyi qrup. Rumıniya, Belçika, Slovakiya, Ukrayna – hamı bir-birini məığlub etdi, hamı son turda heç-heçə oynadı. Axırda məsəli Ukrayna komandasından uzaq, məşhur Azərbayan nağılında deyildiyi kimi “çaqqal çavuş, qurd ulavuş, ayı axmaq, donuz toxmaq, tısbağa canaq, biz ona qonaq sayıb tısbağanı yedilər.

F qrupu Azərbaycan azarkeşinin diqqətlə izlədiyi qrup idi. Bir tərəfdə qardaş Türkiyə millisi, digər tərəfdə qonşu, futboldakı uğurlarına həsəd apardığımız Gürcütan. Ronaldonun Portuqaliyası da öz yerində.

Elə bu 3 komanda da pley-offa adladı. Ronaldo əvvəlki sürətini itirsə də, texnikası axsasa da, baş məşqçi Martines bütün oyunlarda ona şans verdi. Türkiyə matçında Ronaldonun real qol imkanları olsa da, həm futbolçu həm, də insan kimi böyüklüyünü göstərərək zərbəni özü vurmayıb daha əlverişli mövqedə olan Bruno Fernandesə şərait yaratdı. Karyerasında 6-cı Avropa çempionatında iştirak etməklə turnirin tarixində rekorda imza atan 39 yaşlı Kriştianu pley offda qol vursa , Modriçi bu gunlərdə müəyyənləşdirdiyi ən yaxşı qoleador rekorduna da sahib cıxacaq.

41 yaşlı Pepe də tarixə düşüb – qitə çempiontalarında oynamış ən yaşlı oyuncu kimi. Amma oyunu ilə tənqidçilərini də susdurub. Topa almalarda, mövqe seçimində. Hətta hücuma qoşulmada bütün gücünü ortaya qoyur. 2 il əvvəl bütün Argentina millisi Messi üçün oynayıb Leo ilə birgə dünya çempionluğu qazandılar. Görək, portuqal futbolçular da Ronaldonu ikiqat Avropa çempionu kimi yola salmağı bacaracaqlarmı?

Türkiyə millisi ənənəvi ampulasındadır. Hay-küy, Vətən, millət. Sakarya, pafos – taktika yox, strategiya yox! Yalnız oyunçuların fərdi ustalığı hesabına qrup səddini adladılar. 10 nəfərlə qalan Çexiya ilə güclə bacardılar. Əgər rumın hakim Kenan Yıldıza dirsəklə zərbəyə görə 2-ci sarı vərəqəni göstərsəydi, bəlkə də nəticə fərqli olacaqdı. Ay ulduzların Gürcüstana 3-1 qalib gəldikləri oyunda belə hesab oyuna görə deyildi. 1\8 finalda isə Türkiyəni Ralf Ranqnikin nizamlı, hücumda aqressiv Asvtriyası gözləyir.

Və Gürcüstan yığması! Sadəcə, Bravo! Əvvəllər Albaniya və İslandiyanın timsalında gördüyümüz Kiçik ölkələrin böyük uğurunun, boyundan yuxarı tullanmasının əyani nümunəsidir Gürcüstan! Bəli, Gürcüstanda futbolun ənənəsi bizdən daha zəngindir, onların Tiflis "Dinamo"su Sovetlər dövründə Avrokuboklarda çempionluq qazanıb, biz isə "Neftçi"nin yeganə bürünc medalı ilə təsəlli tapmışıq, onlarda indi Xviça Kvarasxeliyaya görə nəhəng klublar baş yarır, bizdə də Mahir Emrelini De Byazinin iclaslarında çox söz eşitməkdən başı ağrıyır. Amma bu gedişatı bir dəyişən olmalıdırmı ya yox? Məgər İslandiya, Lüksemburq, Albaniyanın futolda ənənənəsi, şanlı tarxi olub? Son illərdə qurduqları doğru düzgün sistemin sayəsində indi ortaya keyfiyyətkli futbolçular, komandalar çıxarıblar. Bu günlərdə sosil şəbəkələrdə paylaşılan bir foto diqqtimi çəkdi. 10 il əvvəl Tiflisdə futbol akademiyasının açılışına qatılan Kriştianu Ronaldo ilə şəkil çəkdirən o vaxtkı uşaqlar indi böyüyb və onlardan Xviça da daxil 5-i o gün həmin Ronalıdonu və komandasını meydanda məğlub etdilər. Bax sistemli iş, düzgün idarəçilik budur! Gürcülər 10 ilə Ronaldonun Portuqaliyasını məğlub edəcək uşaqlar yetişdirdilər. Bizdə isə Elxan Məmmədov kimilər illərimizi yedi. 20 ilə Lixtenşteynli Friskin ailəsi ilə bacaracaq futbolçu yetişdirə bilmədik . Onlarda 10 ilə keyfiyyətli futbolçuların sayı artdı, biz də də Elxan Məmmədovun daşınan və daşınmaz əmlakının sayı. AFFA-ya yeni gələnlərə də kor-koranə ümid edib dayanmışıq, amma gedişat nikbin nəsə vəd etmir.

FİFA Avropa çepionatının iştirakçılarının sayını 32-yə, Dünya çempionatını isə 48-ə yüksəltdi ki, bizim kimi kiçik futbol ölkələrinin də bəxtinə gün doğsun. Bizdə isə günəşin qarşısını illərdi qara bulud tutub – bəlkə də qara bulud deyil, ləkədir, neft ləkəsi. Təmizlənməsə, futbolumuz aydınlığa çıxmasa, hələ uzun illər böyük turnirlərdə ona-buna azarkeşlik edəcəyik.

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?