
Minifutbol üzrə dünya çempionatı ilə bağlı Mili Gimnastika Arenasında görüləcək işlərin siyahısı açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bu barədə “report”a Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov məlumat verib.
O, yarışın keçiriləcəyi Milli Gimnastika Arenasında mayın əvvəlindən etibarən işlərə başlanılacağını deyib:
“Dünya çempionatında komandalar Almaniya istehsalı olan “Erima” topları ilə oynayacaqlar. Bu toplardan daha əvvəl keçirilən dünya və Avropa çempionatlarında, həmçinin Çempionlar Liqasında istifadə olunub.
Mayın əvvəlində yarışın təşkil olunacağı Mili Gimnastika Arenasında işlər başlanacaq. Meydançalar salınacaq, bannerlər, ekran quraşdırılacaq. Yəqin ki, bu işlər iki həftədən çox davam edəcək”.
Baş katib Azərbaycan millisinin oyunundan əvvəl konsert proqramı təşkil olunacağını vurğulayıb:
"Dünya çempionatına qatılacaq komandalar mayın 19-dan etibarən Bakıya gəlməyə başlayacaqlar. Açılış mərasimi isə Azərbaycan millisinin oyunundan əvvəl olacaq. Həmçinin konsert proqramı təşkil ediləcək.
Yığmanın təqvimi bəllidir. Mükafatlar, medallar hazırdır. Qalib komandaya veriləcək kubok da təqdim olunub. Milli üzvlərinin istifadə edəcəyi formaları da təqdim etdik”.
Azərbaycan yığması dünya çempionatının A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq. 32 komandanın iştirak edəcəyi mundial mayın 21-dən iyunun 1-dək təşkil olunacaq.