COP29

Pulları mənimsəməkdə ittiham olunan vəzifəli şəxs: Bütün saçlarımı itirdim”

6 May 13:20 Dünya çempionatı 1 057
Pulları mənimsəməkdə ittiham olunan vəzifəli şəxs: Bütün saçlarımı itirdim”

“Formula 1”ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin məhkəmə araşdırması davam edir.

Sportinfo.az xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda müttəhim yarı Azərbaycan, yarı rus dilində ifadə verib.

Çingiz Mehdiyev deyir ki, “Formula 1” üzrə peşəkar kadr olub. Məhz bu səbəbdən onu beynəlxalq yarışların keçirilməsində irəli çəkiblər.

Bu təklif isə ona mərhum gənclər və idman naziri Azad Rəhimovdan gəlib. Amma bu təklifə kimi məqsədi Azərbaycanda pilotlar üçün akademiya yaratmaq imiş. Nazirlə görüşə gətirdiyi layihə də bu haqda olub.

Fotoda: Arif Rəhimov

Ç.Mehdiyev Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru, mərhum nazirin oğlu Arif Rəhimovun yaxın adamı kimi tanınıb: “Mən işə başlayan vaxt “Formula 1”ə az qalmışdı. Londonda yerləşən baş ofis də bizi tələsdirirdi. Bu səbəbdən bəzi işlər tez görülməli idi. Arif Rəhimov dedi ki, bizim əsas çətinliyimiz xüsusi məhsulların alınmasıdır. Ən çətin məsələ də o idi ki, “Formula 1”lə bağlı ölkəmizdə ixtisaslaşmış şirkət yox idi. Xaricdən də ekspertlər cəlb etmək baha başa gəlirdi. Mənə verilən əsas tapşırıq da əlaqələr qurulmasını təşkil etmək oldu. Amerikada böyük maliyyə təşkilatlarında və banklarda işləmişəm, London, Paris kimi böyük şəhərlərdə təlimlər təşkil etmişəm. Buna görə də bir az təcrübəli idim. Burada da 1 nömrəli əmrlə işə götürüldüm. Mən işə başlayanda Arif Rəhimov məhsulların satın alınmasını Zaur Məlikaslanova tapşırmışdı. Bütün zəruri məhsulların alınması üçün isə 90 milyon manat pul ayrılmışdı”.

Təqsirləndirilən şəxs xarici şirkətlərlə müqaviləni işin tez həll olunması üçün bağladığını əlavə edib. Onun sözlərinə əsasən, məqsəd xarici ölkələrdəki şirkətlərə pul köçürüb mənimsəmək olmayıb: “Məqsədimiz gəlir əldə etmək deyil, ölkəmizin uğuru idi”.

Mehdiyevin arvadı Nərminə Ələkbərova isə istintaqa demişdi ki, Çingiz ofşor şirkətlərə köçürdüyü pulları mənimsəyib. Həmin pulların bir qisminə Amerikada qardaşının adına evlər alıb.

Müttəhim Mehdiyev isə özünü təqsirli bilmir. O, ittihamın arvadının əsassız ifadəsi əsasında elan olunduğunu bildirir: “Ailə zəminində başlanmış münaqişə əsasında ittiham qurulub. Mən avadanlıqları ölkəyə gətirənə kimi əziyyət çəkmişəm. Təsəvvür edin, bəzi mallar bir gün yolda saxlanılsaydı, nə olardı?! Mən bu müddətdə bütün saçlarımı itirdim. Prokurorluğun hesabladığı 389 min manat yeyinti ilə də razı deyiləm. Hesablama necə aparılıb, hesablama aparan mütəxəssis “Formula 1” üçün müəyyən etdiyi xüsusi malların dəyərini necə müəyyən etdi, qiymətlər necə təhlil edildi? Prokurorluq niyə ekspertiza rəyini nəzərə almayıb? Orada xüsusilə bizə lazım olan malların qiymətləndirilməsinin çətin olduğu açıq yazılıb. Ədliyyə ekspertizası da rəy verib ki, bu mallar spesifik olduğundan qiymətləndirilməsi çox çətindir. Prokurorluq 101 min manat fərq müəyyən edib. Lakin fərqi müəyyən edərkən şirkətin saxlanma xərcləri, işçi xərcləri, bank və digər xərclər nəzərə alınmayıb”.

Növbəti iclas iyunun 2-nə təyin edilib. Həmin iclasda təqsirləndirilən şəxs tərəflərin suallarını cavablandıracaq.

Çingiz Mehdiyev vəzifə saxtakarlığı edərək 400 min manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Mehdiyev həbsdə deyil. O, ibtidai və məhkəmə istintaqı dövrü müddətində polisin nəzarətinə verilib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 03:40 “Araz” Gəncəyə getdi
22 Noyabr 03:10 “Difai” Buzovna yolunda
22 Noyabr 02:50 "Turan" 2 manat istəyir
22 Noyabr 00:00 Üzr VİDEOsu yayıldı
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi