COP29

İki Lionelin zəfəri - Mbappenin yeni Peleyə çevrilməsi və Ronaldoya edilən xəyanət...

19 Dekabr 2022 17:20 Dünya çempionatı 535
İki Lionelin zəfəri - Mbappenin yeni Peleyə çevrilməsi və Ronaldoya edilən xəyanət...

Nəhayət, futbol mundialı bitdi və bəşər əhlimnin, xüsusilə də dünya qadınlarının 90 faizinin canı, mənasız hesab etdikləri oyunlardan qurtardı.

Bu gündən etibarən futbol mübahisələri də yavaş-yavaş azalacaq.

“Mən çempionun Argentina olacağını hələ çempionat başlayan gün demişdim” kimi yüzlərlə paylaşım, hətta skrin-şotlar görəcəyik. (Ancaq həmin adamlar Argentina millisinin Səudiyyə Ərəbistanına uduzduğu gün sosial şəbəkədə yazdıqları “boyunuzu yerə soxum, bu oyunla sizdən çempion olmaz” status və şərhləri, əlbəttə, paylaşmayacaqlar).

00.jpg (141 KB)

Final oyununun danışılmış olmasını, FİFA-nın, Vatikanın, Qatar əmirinin sözləşərək Argentinanı, sırf Messi dünya çempionu olsun deyə çempion etdiklərini iddia edənlər sona qədər kirimiyəcək və heç bir dəlilllə də razılaşmayacaqlar. “Ssenariydi”, “əvvəlcədən məlum idi”, “danışdılar, düzüb-qoşdular” – vəssalam.

Sən ha de ki, oyun zamanı Argentinanın qapısına iki penalti təyin etdilər, elə qəsd olmaz. Və ya axırıncı dəqiqədə fransız futbolçu topu 2 santimetr o tərəfə vursaydı, top qapıdan keçsəydi, bütün sui-qəsd sözləşməsi puç olmayacaqdımı? Dəxli yoxdur, “hamısı Amerikanın oyunlarıdır”, “masonların işidir”, “ortada milyarların söhbəti var” məsələsi...

Əslində çox yaxşı, maraqlı mundial oldu. Qatar gözləntiləri doğrultdu. Keçən ayın bu günləri çoxları deyirdilər ki, Qatar 200 milyard pul xərcləyib, amma təşkilatçılıq elədir, belədir. Məlum oldu ki, nə elədir, belədir, lap əladır.

Belə maraqlı mundial 36 il əvvəl Meksikada keçirilmişdi. İşə baxın, elə onda da Argentina çempion olmuşdu.

7775.jpg (58 KB)

Dostlar vardı, deyirdilər, bu mundial ortaya qoyacaq ki, Mbappe yeni Peledir, yoxsa eləcə, Makelele, Balotelli və ya Poqbadır. Mbappe çempion olsa, yeni Pele olmağına şübhə olmayacaqdı. Amma maraqlıdır ki, Mbappe çempion olmasa da, Peledən əskik futbolçu olmadığını təsdiqlədi.

Ronaldo-Messi çəkişməsinə də xeyli dərəcədə aydınlıq gəldi. Obyektiv futbol azarkeş və icmalçıları onların istedad və bacarıqlarını 50/50-yə qiymətləndirirdilər. (Obyektiv olmayanlar deyirdilər, “Messi bir qəpiklik fiutbolçu deyil”, ya da “Ronaldo futbolda heç nədir”). Argentinanın çempion olması, Messinin 7 qol vurması onun 50-sinin önünə + artırdı. Qəribədir, Messi penaltidən 4 qol vurub, amma Messisevərlər Ronaldoya “Penaldo” deyirlər - ədalətsizlik!

Burada Ronaldo və Messidən çox, Portuqaliya və Argentina milli komandalarını müqayisə etmək olar. İkincidə komandanın kapitanı və lideri Messini çox sevir, böyük hörmət qoyurdular, birincidə isə Ronaldonu xor görür, liderliyini tam qəbul etmir, ona qarşı qruplaşırdılar, ehtiyat oyunçular skamyasında oturdurdular, hətta oynadığı vaxt düz-əməlli ötürmə vermirdilər. Nəticəsi də belə oldu.

Mundialın ən sürpriz komandası Mərakeş yığmasıydı. Əla oynayırdılar, çox atletik idilər, bircə minusları vardı ki, hücumçuları bizim Zubir kimi oynayırdı, həlledici anda topu qapıya vurmaq əvəzinə, türkün sözü, çalım edirdilər və qol fürsəti qaçırdı. Futboldakı çalımla biçənəkdəki çalımın arasında fərq odur ki, futbolda ləngiyəni sərt “dəryazlayırlar”.

99.jpg (80 KB)

İspaniya millisi Almaniyanın hesabını elə qrupdaca çəkmək, onu vaxtından tez ələmək üçün qol qoyduğu avantüranın güdazına getdi. Özlərinə asan rəqib seçdilər, yanıldılar. Elə etməsələr, bəlkə də daha da qabağa gedər, yarımfinala qədər irəliləyərdilər.

Nəticələrə baxanda Argentina yığmasından sonra bu mindialdakı uğuruna görə ən çox sevinən komanda nə gümüş medal qazanan Fransadır, nə bürünc medalların sahibi Xorvatiyadır, nə də 4-cü yeri tutan Mərakeşdir, ikinci ən çox sevinən komanda Səudiyyə Ərəbistanının milli komandasıdır. İndi onlar öyünə bilər ki, 2022-ci il mundialında çempion Argentinaya qalib gələn yeganə komanda SƏ millisi olub. Gerçəkdən, hamıya qalib gələn Argentinaya yeganə məğlubiyyət acısını məhz onlar yaşatdı. Statistika üçün yarayır.

999.jpg (26 KB)

Fransa prezidenti Makronun finalda 3 dəfə möhkəm sevinsə də, lap axırda pərt duruma düşməsi xalqımızın vətənpərvər övladlarına ləzzət eləyib. Bu xüsusda minlərlə status və şərh yazılıb. Bu, göstərir ki, futbol çox siyasiləşib. İndi bir çoxları yazır ki, əslində Argentina da erməniləri həmişə dəstəkləyib və dəstəkləməkdədir. Ola bilər. Əvəzində biz Argentinanın prezidentini tanımırıq, deməli, o özünü Makron kimi aparmayıb, ermənidən artıq ermənilik etməyib. Argentina çox uzaqdadır, bizə isti-soyuğu yoxdur, amma fransızlar hər gün bizə qarşı bəyanat verirlər, ermənilərə hər cür yardım göstərirlər.

6633.jpg (44 KB)

Mundialın ən məzəli epizodu isə, məncə, lap axırda Messinin oğullarının meydana girib qələbə sevincinə şərik olması zamanı baş verdi. Balaca uşaq dev ekranda atasıyla özünün əksini gördü, barmağıyla ekrana tuşlayıb sevinə-sevinə təxminən belə dedi: “Ata, bax, bizi göstərirlər”. Yəqin ki, Messi ona “bala, 3 saatdır bütün dünyaya məni göstərirlər” demədi. Amma bu, bir gerçək idi.

Bir maraqlı fakt da odur ki, 2022-ci il mundialında bir yox, iki Lionel çempion oldu. İkinci Argentinanın baş məşqçisi Lionel Skaloni idi. Təvazökar adamdır, qələbədən sonra o qıraqda qalmışdı, hamı 1-ci Lioneli təbrik edirdi (musavat.com).

SAMİR SARI

Digər Xəbərlər
Xəbər Lenti