Bu nə final idi? Belə finalmı olardı?
Belə bir oyunu necə proqnozlaşdırmaq olardı ki?
Amma əslində hər şey finaldan bir gün əvvəl yazdığım proqnozun gerçəkləşməsinə doğru gedirdi.
Argentina bu mundialda güclü Fransaya qarşı ən yaxşı oyununu keçirirdi. İlk hissədəki 2 top fərqlə üstünlük, ikinci hissənin 79-cu dəqiqəsinə kimi davam etdi. Fransa məğlubiyyətlə barışmamışdı, amma ulduz futbolçusu Mbappe qımıldana belə bilmirdi...
Lənətə gəlmiş 80-cı dəqiqə. Fransanın vurduğu penalti artıq Argentina üçün “əcəl zəngi” idi. Cəmi 1 dəqiqə sonra Mbappe ikinci qolu vuraraq bu oyunu uzaltma dəqiqələrinə apardı. Argentina öz işini zora saldı.
Oyuna baxmaq üçün Qətərə gəlmiş Fransa prezidenti Makron da Dünya Kubokunu dalbadal ikinci dəfə aparmaq üçün artıq pencəyini çıxarmışdı da...Əlavə olunmuş dəqiqələrdə Argentina Messinin o qolu ilə ümidləndi, amma nə deyəsən, Fransa təslim olmadı. Qaldı son şans-penallar...
Biz ekran qarşısında oturub hansısa komandaya azarkeşlik edə bilərik, amma o finala baxmaq üçün stadiona gəlmiş fransızlara və argentinalılara adamın yazığı gəldi. Ürək dayanarmı? Dayanar. Fransızlar soyuqanlıdırlar, Argentina isə illərdir bu qələbəni, üçüncü dünya çempionluğunu gözləyirdi.
Bu final Argentinanın guya danışılmış çempion ediləcəyi ilə bağlı bütün iddiaların üstündən xətt çəkdi. Messiyə və Argentinaya bu ləkə yapışmadı.
Penallaşma Fransa üçün yaxşı heç nə vəd etmirdi, mundialın ən yaxşı qapıçı seçilmiş Martines artıq bir dəfə bu seriyada öz məharətini göstərmişdi. Bu gecə Messi nə etdisə, qapıçı da penallaşma seriyasında o qəhrəmanlığı göstərdi. Son Avropa, son dünya çempionu Fransa penallaşmada yıxıldı!
Argentina millisinin üzvləri ağlayırdılar, Messini isə ağlayan görmədim, onun gözlərinin içi gülürdü. Daha istədiyi vaxt əlini ürəyinin üstünə qoyub futboldan rahat gedə bilər. Bu gecə katoliklərin Allah da, Maradonun ruhu da Argentinın qələbəsini istəyirdi. Bu çempionluq da, mundialın ən yaxşı oyunçusu mükafatı da Messinin və komandasının halalıdır. Fransa əla komanda idi, amma çempionluq Argentinaya qismət oldu. Makron mükafatlandırma mərasimində Messiyə soyuq münasibətini göstərdi, kinlidir axı...Ona və Paşinyana bu gecə bir-birlərinə təskinlik vermək qalır. Nikol gərək zəng etsin, ermənilər adından “keçmiş olsun” desin...
Qətər mundialına Fransa necə lobbiçilik etmişdi, hansı şərtlə?
İnsan haqlarının pozulmasına görə tənqidlərə və mundiala ev sahibliyi hüququnu necə qazanması ilə bağlı suallara baxmayaraq, futbol üzrə Qətərdə keçirilən dünya çempionatı “bir göz qırpımında”, həm də xəta-bəlasız başa çatdı.
Qətər mundialı ilə bağlı suallar ev sahibi ölkənin seçimi zamanı, yəni 12 il əvvəl başlamışdı. Daha sonra ilk dəfə olaraq Fransanın keçmiş prezidenti Nikola Sarkozinin Qətərə dünya çempionatına ev sahibliyi etmək hüququnu əldə etməkdə şəxsən kömək etdiyi barədə məlumatlar peyda oldu. İddia olunurdu ki, bunun müqabilində Sarkozi Qətər əmirdən “PSJ”klubunu alacağına dair vəd alıb. Sarkozinin azarkeşi olduğu bu klubu həqiqətən də tezliklə Qətər səhmdarları aldı. Düzdür, istintaq heç nə sübut etmədi: formal olaraq ortada rüşvət yox idi və idmana sərmayə qoyuluşu qadağan deyil.
2010-cu ildə Qətər rəsmiləri turnirin hər zamankı kimi yayda keçiriləcəyinə inandırmışdılar. Qətərdə isə yayda isti 50 dərəcəyə çatırdı və belə şəraitdə nəinki futbol oynamaq, heç kondisioneri olmayan evdə oturmaq belə təhlükəli idi. Qətərlilər stadionların və məşq bazalarının üzərində yerləşdiriləcək süni buludlar yaratmağa söz verdilər. Bir buludun dəyəri isə yarım milyon dollar qiymətləndirilirdi. Bu “dəlilik layihəsi” tez bir zamanda gündəmdən çıxdı.
2013-cü ildə təşkilatçılar nəhayət, turnirin yayda keçirilməsinin real olmadığını etiraf edərək, temperaturun 30 dərəcədən çox olmaması üçün oyunları qışda-noyabr və dekabr aylarında keçirməyi təklif etdilər. Adətən, noyabr-dekabr aylarında bütün dünyada klub turnirləri davam edir və dünya çempionatı yayda, klub mövsümü başa çatdıqda keçirilir. FİFA isə Qətər mundialı üçün sistem dəyişdirdi: milli çempionatlarda klublar həftədə iki matç keçirməli oldular. Bir çox futbolçu və məşqçi hələ də deyirlər ki, mövsümün ortasında keçirilən dünya çempionatından sonra ənənəvi istirahət planlaşdırılmır ki, bu da həm futbolçuların, həm də klubların yükünü daha da artıracaq...
“Mavi”lərsiz mundial
Dünya çempionatının başlamasına az qalmış çempionatın səfiri və keçmiş qətərli futbolçu müsəlman ölkədə homoseksualları gözləmədiklərini dedi. Qətər hakimiyyəti çox hay-küy olmasın deyə, tribunalarda LGBT bayraqlarına, üstəlik, geylərə əl-ələ tutmağa icazə verdi. Amma Almaniya milli komandası yaxşı futbol oynamaq əvəzinə, geylərə dəstək olaraq ümumi fotoda əlləri ilə ağızlarını yumaraq poz verdilər.
İngilətərə komandası isə necə deyərlər, mövqelərini birbaşa bəyan etmək qərarına gəldi. Oyunçuları Qətərə gətirən krallığın təyyarəsi ayaqqabısında LGBT rənglər olan adamın təsviri ilə bəzədildi.
Amma əsl sensasiya FİFA funksioneri Brayan Svonsonun bəyanatı oldu: "Mən Qətərdə keçirilən dünya çempionatının təşkilatçılarına qarşı guya cinsi azlıqlara qadağalarla bağlı çoxlu tənqidlər eşitdim. Burada olduğum üçün açıq şəkildə etiraf etmək istərdim ki, mən geyəm və özümü burada rahat hiss edirəm...”
Çempionatın başlamasına iki gün qalmış stadiona spirtli içkilərlə daxil olmaq qadağası da birmənalı qarşılanmadı. Spirtli içkiləri yalnız xüsusi ayrılmış fan zonalarında almaq şəraiti yaradıldı.
Çempionata baxmağa gələn varlı turistlər üçün kruiz gəmilər təklif olunurdu ki, ən sadə otaqda bir gecə üçün 180 dollar ödənirdi. Daha təvazökar büdcəsi olanlar bədəvi çadırları və ya adi düşərgə çadırları ilə kifayətlənməli oldular...
Çempionat ətrafında artan narazılığı nəzərə alsaq, aydın idi ki, Qətər üçün xərcləri geri qaytarmaq çətin olacaqdı. Təxmini hesablamalara görə, dünya çempionatının təşkili və 7 satidionun tikintisi Dohaya 220 milyard dollara başa gəlmişdi. FİFA prezidenti Canni İnfantino rəhbərlik etdiyi qurumun bu mundialdan əldə etdiyi gəlirin 7,5 milyard dollar olduğunu dedi. İnfantinonun dediyinə görə, bu, dörd il əvvəl Rusiyada keçiriləndən 1 milyard dollar çoxdur. 2022-ci il dünya çempionatının oyunlarına 3,27 milyon, Rusiyada isə 3,03 milyon tamaşaçı gəlib...
Yeni mundial hazırlığı-Azərbaycanı orada görə biləcəyikmi?
FİFA tezliklə yeni dünya çempionatı ilə bağlı qərar verməlidir. Növbəti mundialın hansı formatda təşkil ediləcəyi məhz Qətər mundialı yekunlaşan kimi bəlli olacaq.
FİFA Şimali Amerikada təşkil olunacaq yarışda ilk dəfə 48 komandanın yarışmasına şərait yaradacaq. İştirakçıların çoxalması iştirakçıların qruplara necə bölünməsi sualını ortaya çıxarıb.
FİFA 4 komandalı 12 qrup təşkil etmək istəyir. İlkin fikir odur qripda ilk 2 yeri titanlarla yanaşı, daha 8 komanda pley-offa vəsiqə qazansın. Həmin 8 komanda qrup 3-cüləri arasında ən yaxşı göstəriciyə malik olanlar nəzərdə tutulub. Belədə mübarizə 1/16 finaldan davam etməlidir.
Amma oyunların çoxluğu digər variantı da aktual edir. FİFA yalnız 12 qrup qalibinə 1/8-ə çıxmaq şansı tanımaq, daha 4 komandanın qrup ikinciləri arasından seçilməsini istəyir. Belə olduqda başqa problemlər ortaya çıxa, güclü komandaların çoxu qrupda qala bilər. Ən əsası, danışılmış oyunların, razılaşdırılmış nəticələrin üzə çıxması mümkündür. Bu üzdən ilkin variantın reallaşması daha realdı.
Bizə nə qalır? Ümid edək ki, növbəti dünya çempionatında Azərbaycanı da görə biləcəyik...
Nazim SABİROĞLU