Argentina millisinin HÜCUMçusu Lionel Messi dünya çempionatları tarixinin daha bir rekorduna imza atıb.
Sportinfo.az xəbər verir ki, yığmanın kapitanı mundiallarda ən çox məhsuldarlıq göstərən oyunçu ünvanına yiyələnib.
Qətərdə keçirilən DÇ-2022-nin Xorvatiyaya qarşı yarımfinal oyununda 1 dəfə fərqlənib, 1 assistlə yadda qalan kapitan dünya çempionatlarında ümumilikdə 20 qolda yaxından iştirak edib – 11 qol, 9 məhsuldar ötürmə.
35 yaşlı futbolçu bununla Miroslav Kloze (Almaniya – 16 qol + 3 assist), Ronaldo (Braziliya – 15+4), Herd Müller (Almaniya – 14+5) və Pelenin (12+7) şərik olduğu rekordu yeniləyib.
Bundan başqa, Messi 2022-ci ildəki ümumi assist sayını 30-a çatdırıb. Bu, həm də Leonun karyerasında 350-ci məhsuldar ötürmə kimi yadda qalıb.
Xorvatiya 3:0 hesabı ilə məğlub edən Argentina yığması dekabrın 18-də keçiriləcək final matçına vəsiqə qazanıb.
Cənubi Amerika təmsilçisinin rəqibi bu gün Fransa ilə Mərakeş arasında baş tutacaq yarımfinal görüşündə müəyyənləşəcək.