COP29

DÇ-2022-də bu gün: Fransa finalda - YENİLƏNİB

15 Dekabr 2022 00:57 Dünya çempionatı 544
DÇ-2022-də bu gün: Fransa finalda - YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatında bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq.

Meksikadan Sezar Ramosun idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç "Əl Bayt" stadionunda oynanılacaq.

Fransa və Mərakeş daha əvvəl beş dəfə bir-birilərinə rəqib olub. Bunların üçündə qalib gələn avropalılar, iki oyunda heç-heçəyə razılaşıblar.

Tərəflər arasında sonuncu qarşılaşma 2007-ci ildə gerçəkləşib. Həmin vaxt yoldaşlıq görüşündə bərabərlik qeydə alınıb - 2:2.

Mundiallar tarixində bir turnirdə iki Afrika təmsilçisinə məğlub olan komanda yoxdur. "Xoruzlar" D qrupunda Tunisə 0:1 hesabı ilə uduzub.

Fransa millisi yarışda yeddinci dəfə yarımfinalda mübarizə aparacaq. İlk üç cəhdində (1958, 1982, 1986) finala yüksələ bilməyən yığma, bu raunddakı son matçlarında (1998, 2006, 2018) mərhələ adlayıb.

Yarımfinala yüksəlməklə ilkə imza atan Mərakeş finala vəsiqə qazanan ilk Afrika komandası olmaq niyyətindədir. Valid Reqraginin baş məşqçi olduğu kollektiv DÇ-2022-də rəqib futbolçulardan qol buraxmayıb.

Yalnız Kanada seçməsinə qarşı qrup oyununda Nayef Aguerd avtoqol müəllifi olub. Daha əvvəl 2006-cı ildə bütün yarış boyu qapısında iki qol görən İtaliya və 2010-cu ildə eyni sayda qol buraxan İspaniya millisi çempionluq sevinci yaşayıb.

Avropa təmsilçisinin çalışdırıcısı Didye Deşam baş məşqçi kimi mundiallardakı 17 görüşün 13-dən qələbə ilə ayrılıb.

Fransızlar finala yüksəlsələr, mütəxəssis braziliyalı Felipe Skolariyə (14 qələbə) çatacaq. Mütləq rekord almaniyalı Helmut Şönə məxsusdur.

Cütün qalibi finalda Argentina yığmasına rəqib olacaq. Məğlub tərəf isə 3-cü yer uğrunda oyunda Xorvatiya ilə üz-üzə gələcək.

14 dekabr

23:00. Fransa - Mərakeş 2:0

Qollar: Teo Ernandes, 5, Kolo Muani, 79

Fransa : Lloris, Teo Ernandes, Konate, Varan, Kunde, Tçuameni, Fofana, Qrizmann, Mbappe, Jiru, Dembele

Mərakeş : Bunu, Hakimi, El-Yamik, Ses, Aqer, Mazraoui, Unai, Amrabat, Zieş, En-Nesiri, Bufal

Baş hakim: Sezar Ramos

"Əl Bayt" stadionu

Digər Xəbərlər
Xəbər Lenti