
Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.
Sportinfo.az xəbər verir ki, o bu uğura ABŞ-nin Boston şəhərində təşkil olunan fiqurlu konkisürmə üzrə dünya çempionatında nail olub.
İdmançı qısa və sərbəst proqramda 233,31 xal toplayıb və 39 nəfər arasında 15-ci yeri tutaraq olimpiadada iştirak hüququ əldə edib.
Yarışda çıxış edən Azərbaycanın digər təmsilçilərindən Nərgiz Süleymanova, həmçinin Samanta Ritter - Daniel Brikalov buzüstü rəqs cütlüyü isə qısa proqramda rəqiblərindən geri qalaraq növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.
Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 26-dək İtaliyanın Milan və Kortina d'Ampetso şəhərlərində keçiriləcək.