
ABŞ-nin məşhur MMA təşkilatı olan UFC-nin Azərbaycanda turniri keçirilə bilər.
Sportinfo.az xəbər verir ki, yəhudi əsilli Kanada/ABŞ idman jurnalisti Ariel Helvani bu barədə məlumat verib.
Onun sözlərinə görə, UFC bu il iyunun sonlarında Azərbaycanda turniri keçirmək üçün son işləri görür.
Ariel Helvani daha sonra bildirib ki, Azərbaycan Asiyada yerləşir və 4 ölkə – Rusiya, İran, Gürcüstan və Ermənistanla sərhəddir (Naxçıvan MR ilə sərhədi olan Türkiyə unudulub – red.)
Həmçinin, UFC-də döyüşən Rafael Fiziyevin Azərbaycandan olduğu vurğulanıb.
Prosport.az-ın əldə etdiyi məlumata görə, bu turnirdə Rafael Fiziyevlə yanaşı, ABŞ-də yaşayan UFC döyüşçüsü Nazim Sadıxovun da iştirakı dəqiqdir.
Həmçinin, bir neçə azərbaycanlı MMA idmançısına da Bakıdakı yarışda döyüşmək şansı veriləcək.
Sonuncu dəfə 2023-cü ilin noyabrın 4-də Yaponiyanın "Rizin" təşkilatının "Landmark 7" turniri Milli Gimnastika Arenasında keçirilib. Bu, təşkilatın tarixinə Yaponiyadan kənarda keçirilən ilk turnir kimi düşüb.