
"Bakıdakı Dünya Kubokunda medal qazandığımız üçün çox sevinirik".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan gimnastı Selcan Mahsudova deyib.
Batut növündə Əli Niftəliyev ilə birlikdə qarışıq sinxronda bürünc mükafata sahib çıxan 21 yaşlı idmançı turnirlə bağlı təəssüratını bölüşüb:
"Dünya Kuboku ilin ilk yarışı idi. Azərbaycanı üç növdə - fərdi, qadın və qarışıq sinxronda təmsil edirdim. Hər üçündə finala vəsiqə qazandım. Bunun üçün çox sevinirəm. Bundan əlavə, digər təmsilçilərimizdən də həlledici raunda yüksələnlər oldu. Fərdi finalda və Şəfiqə Hümbətova ilə birlikdə dördüncü yeri tutdum, Əli Niftəliyevlə isə 3-cü olaraq bürünc medal qazana bildik. Həm də ilk dəfə idi ki, qarışıq sinxronda Azərbaycanı təmsil edirdik. Ölkəmizə mükafat qazandıra bildiyimiz üçün sevinirəm".
S.Mahsudova qarşıdakı hədəflərdən söz açıb:
"İtaliyada keçiriləcək Dünya Kubokunda iştirak etməyi planlaşdırırıq. Orada da yaxşı nəticə göstərəcəyimizə inanırıq. Bakıdakı Dünya Kuboku çox həyəcanlı idi. "Doğma divarlar" arasında çıxış etmək məsuliyyətlidir. Mən də bir az həyəcanlanırdım. Çünki zədədən sonra ilk dəfə yarışa qatıldım. Yay Olimpiya Oyunlarından sonra heç bir turnirdə çıxış etməmişdim".
Əli Niftəliyev ilə Selcan Mahsudova 47.990 xalla üçüncü yeri tutublar. Tamblinq üzrə yarışda isə Adil Hacızadə qızıl, Tofiq Əliyev gümüş medal qazanıb.
Milli Gimnastika Arenasında təşkil olunan batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda 15 ölkə təmsilçiləri mübarizə aparıblar.