"Kurs çox faydalı oldu".
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycanın bədii gimnastika yığmasının məşqçisi, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bu növ üzrə atletlərin nümayəndəsi Siyana Vasileva deyib.
Mütəxəssis Misirin paytaxtı Qahirədə bədii gimnastika məşqçiləri üçün keçirilən kursda iştirak etməsi barədə danışıb. O, ekspert kimi fəaliyyət göstərdiyi tədbirin iki gün davam etdiyini bildirib:
"FIG-nin Texniki Komitəsinin prezidenti Noha Abuşabanadan təklif almışdım. İdmanda motivasiya, uşaqlarla necə düzgün işləmək, onlara gördükləri işləri sevdirmək və başqa mövzular idi. Mən də uşaqlarla məşq etdim, isinmə hərəkətlərini və texnikaları göstərdim".
S.Vasileva belə tədbirlərin ölkələrdə bu idman növünün inkişafına kömək etdiyini vurğulayıb:
"Çünki biz təcrübələrimizi bölüşürük. Beləliklə, gimnastika daha da məşhurlaşır. Məni dəvət etdiklərinə və tədbirin baş tutmasına görə Misir Gimnastika Federasiyasına və Noha Abuşabanaya təşəkkür edirəm. Olimpiya çempionu Darya Varfolomeyevanın məşqçisi Yuliya Raskina da mənimlə idi. İki gün davam edən kurs çox faydalı oldu. Kursdan sonra qızlar və məşqçilər yanıma gəldilər. Onların bir çoxu ilə əlaqəmiz var, ünsiyyətimiz davam edir".