“Belə karyeraya sahib olduğum üçün çox şadam.
Azərbaycan Gimnastika Federasiyası, Gənclər və İdman Nazirliyi və məşqçilərimə daim göstərdikləri dəstəyə görə təşəkkür edirəm”.
Sportinfo.az xəbər verir ki, bu sözləri karyerasını başa vurduğunu elan edən Azərbaycanın tanınmış bədii gimnastı Zöhrə Ağamirova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
23 yaşlı veteran idmançı karyerasının ən yaddaqalan anını açıqlayıb:
“Mənim üçün ən unudulmaz an 2023-cü ildə Bakıda keçirilmiş Avropa çempionatında bürünc medal qazanmağım idi. Yaxşı yadımdadır ki, məşqçilərim çox sevinmişdilər. Həmin vaxt özümlə fəxr etdim”.
O, gimnastika ilə məşğul olmağa yeni başlayanlara tövsiyə verib:
“Yaxşı nəticə üçün gənclər gimnastikanı sevməli, öz üzərlərində çalışmalı, məşqçilərin verdikləri təlimatlara diqqətlə qulaq asmalı və yerinə yetirməlidirlər”.
Zöhrə Ağamirova IV və V İslam Həmrəyliyi Oyunlarının qalibi, Avropa çempionatının bürünc, XXX Yay Universiadasının ikiqat gümüş mükafatçısı, eyni zamanda “Tokio-2020” və “Paris-2024” Yay Olimpiya Oyunlarının iştirakçısıdır.