Milli Gimnastika Arenasında "TeamGym" üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.
Sportinfo.az xəbər verir ki, gənclər və idman naziri, Avropa Gimnastikasının rəhbəri Fərid Qayıbov açılış nitqi ilə çıxış edib.
O bildirib ki, bu növ üzrə yarış Azərbaycanda ilk dəfə keçirilir.
“Ölkə Prezidenti İlham Əliyevin idmana verdiyi dəstəyi hər kəs bilir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası isə dünyanın ən fəal federasiyalarından biridir.
Arenada bir neçə dəfə dünya və Avropa çempionatları keçirilib və indi biz daha bir maraqlı yarışın şahidi olacağıq”, - deyə Qayıbov vurğulayıb.
O, əlavə edib ki, "TeamGym" gimnastikanın bir çox növlərini birləşdirən xüsusi növdür:
“Onun getdikcə daha çox pərəstişkarı var. On dörd ölkədən gimnastların iştirak edəcəyi Avropa çempionatına Azərbaycan millisi də tam hazırdır”.