COP29

Azərbaycanda federasiyanın baş katibindən görünməmiş saxtakarlıq

2 İyul 19:40 Digər növlər 395
Azərbaycanda federasiyanın baş katibindən görünməmiş saxtakarlıq

İyunun 15-16-da Tovuzda keçirilən şose velosiedi üzrə Azərbaycan çempionatı ilə bağlı saxtakarlıq üzə çıxıb.

Sportinfo.az xəbər verir ki, kişilərin Elit/U23 yaş kateqoriyasında yarışın nəticələri ilə bağlı Azərbaycan Velosiped Federasiyası (AVF) tərəfindən Gənclər və İdman Nazirliyinə və Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) göndərilən protokollarda uyğunsuzluqlar var.

Məsələ burasındadır ki, qeyd olunan yaş kateqoriyasının fərdi və qrup ötüşməsi ilə bağlı (Elit/U23) federasiyanın baş katibi, həmçinin yarışın baş hakimi olan Elnarə Musayeva tərəfindən nazirliyə təqdim edilən protokolda cəmi 4 idmançının adı var. Bunlardan da qrup ötüşməsində yalnız Musa Mikayılzadə (1998) finişə çatıb, Nevzat Mahmud (1988) və Yusif İsmayılov (2003) yarışı yarımçıq dayandırıb, Elgün Əlizadə (1999) isə starta çıxmayıb. Amma federasiyanın UCI-yə göndərdiyi 14 nəfərlik protokolda Yusif İsmayılovun 2-ci, Nevzat Mahmudun 3-cü, Elgün Əlizadənin isə 4-cü yeri tutduğu qeyd olunub.

Əldə etdiyimiz məlumata əsasən, UCI-yə göndərilən siyahıda adları olan və guya yarışda iştirak etdiyi bildirilən Əli Qurbanov, Nofəl Nuriyev, Nəcəf Bağırov, Mikayıl Səfərli, Şahin Eyvazov, Kənan Qəhrəmanlı, Ruslan Mustafayev və İbad Abbasov müxtəlif vaxtlarda idmançı karyerasını başa vurub və onlar Tovuzda keçirilən Azərbaycan çempionatında iştirak etməyib (siyahını Men Elite – Individual Road Race kateqoriyasında da görmək mümkündür). Bu idmançıların adları federasiya tərəfindən nazirliyə təqdim edilən yarış protokolunda yoxdur (bunu aşağıda Elnarə Musayevanın imzası olan rəsmi sənəddə də görə bilərsiniz – red.).

Onu da bildirək ki, ölkə çempionatının nəticələrinə əsasən UCI tərəfindən reytinq xalları verilir və bu da milli federasiyaların reytinq cədvəlində öz əksini tapır. Maliyyə problemləri olan, idmançılarsız qalan federasiya isə ölkə reytinqində geriləməmək üçün bu saxtakarlığa imza atmalı olub. Bu məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Qeyd edək ki, AVF prezidenti Mədət Quliyevdir. Ötən il M.Quliyev müdafiə sənayesi naziri postundan ayrıldıqdan sonra federasiyanı saxlamaqda çətinlik çəkir. Onun Olimpiadadan sonra postundan ayrılacağı gözlənilir. 6-9 iyun tarixlərində keçirilməli olan 4 mərhələli "Əziz Şuşa" beynəlxalq velosiped yarışı da məhz maliyyə problemlərinə görə ləğv olunub.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO