"Avropa çempionatı bizim üçün bundan yaxşı keçə bilməzdi".
Sportinfo.az xəbər verir ki, bunu gənc cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Məmmədov Estoniyanın paytaxtı Tallində təşkil olunan yarışla bağlı Avropa Cüdo Birliyinin rəsmi saytına açıqlamasında deyib.
Mütəxəssis yığmanın fərdi yarışın medal sıralamasında (4 qızıl, 2 gümüş, 2 bürünc) birinci olması və komanda yarışında Fransanı məğlub edərək qızıl mükafata sahib çıxdığını xatırladıb:
"Azərbaycan millisi Avropa çempionatında dörd gün boyunca öz tonusunu saxladı. Turnirin dördüncü və sonuncu günündə də vəziyyət dəyişmədi. Komanda yarışındakı qızıl bizim üçün taclandırıcı bir uğur idi. Biz doqquzuncu medalımıza, beşinci qızıla inandıq. Həlledici görüş üçün püşkatma zamanı Fidan Əlizadəyə (57 kq) dedik ki, sən əsl çempionsan, ardıcıl ikinci dəfə uduzmayacaqsan! Bu, mənə Praqadakı nəsli xatırladır. Onda Vüsal Qələndərzadə (73 kq.) də qaliblər sırasında idi. Onun o zamankı komanda yoldaşı Elcan Hacıyev artıq bu il Paris olimpiadasında iştirak etdi. İnanıram ki, bu nəsil Los-Anceles-2028 üçün də eynisini edə bilər. Onlardan üç-dördünün, hətta daha çoxunun olimpiada üçün potensialı var".
Məmmədov oktyabrda Tacikistanda keçiriləcək gənclərin dünya çempionatından gözləntilərini də bölüşüb:
"Cüdoda bunu demək çətindir. Rəqabət, əlbəttə ki, daha da güclüdür və işlər həmişə bu dörd gündə olduğu kimi mükəmməl getməyə bilər. Amma medal cədvəlində bir nömrə olmaq ən azı Düşənbə üçün də hədəfimizdir".