COP29

"Mənim arxamda duran... Ağlaya-ağlaya dedim ki, mən dünya çempionu oldum" - FOTOLAR

22 May 13:40 Cüdo 626
"Mənim arxamda duran... Ağlaya-ağlaya dedim ki, mən dünya çempionu oldum" - FOTOLAR

"Hələ ki, qələbənin şokundan ayıla bilmirəm.

Mən dünya çempionuyam! Həm Avropa, həm də dünya çempionuyam.

Düzdür, çempionluğu gözləyirdim. Dünya çempionatlarında hər dəfə yarımfinal görüşlərində uduzurdum.

Finala çıxanda da gözlərim doldu, amma finalda özümü saxlaya bilmədim. 10 saniyə qalmış rəqibi atdım. Dəhşət hisslərdir, sözlə ifadə edə bilmərəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri cüdo üzrə dünya çempionu olan Hidayət Heydərov deyib.

O, Abu-Dabiyə gələndən çempionluğu fikirləşdiyini söyləyib: "Çünki nəyin bahasına olur-olsun, mən çempion olmalıydım. Yıxılanda da elə hiss edirdim ki, mən yıxılmamışam, durub atmalıyam. Elə də oldu. Beynimdə uduzmağı heç fikirləşmədim. Ancaq qələbəni düşündüyüm üçün rəqibi atdım. Belə final gözləyirdim. Finalda da yaponiyalını udmaq istəyirdim".

H.Heydərov Tatsuki İşiharaya (Yaponiya) qalib gəldiyi final görüşü ilə bağlı daha sonra söyləyib: "Rəqibi atanda bilirdim ki, ippondur. Dedim birdən vazari olar. Təkrara baxanda gördüm ki, ippondur. Ancaq o anı gözləyirdim ki, ipponu versinlər, sevinim.

Bu fəndi həmişə kritik anlarda edirəm. Fikirləşirdim ki, onu atacam. Amma fikirləşmirdim ki, vazari xalından sonra o fəndi edəcəm".

Dünya çempionunun sözlərinə görə, bu tarixi tək özü yazmayıb: "Mənim arxamda duran Elnur Məmmədli sağ olsun ki, həmişə mənə inandı. Həmişə mənə dedi ki, sən dünya çempionu olacaqsan. Dohada uduzanda ağlayanda o mənə dəstək oldu ki, biz birlikdə dünya çempionu olacağıq. Yıxılanda da onun udacağımızla bağlı dediyi sözlər yadıma düşdü. Udanda da ağlaya-ağlaya dedim ki, mən dünya çempionu oldum. O da mənə dedi ki, biz bunu bacardıq.

Tarix yazdım. İnşallah, bir dənə tarix qalıb, Paris-2024. Bu yola çıxandan demişəm, həm Avropa, həm dünya, həm Olimpiya çempionu olub, Azərbaycan tarixinə 1 nömrə kimi düşəcəyəm".







Digər Xəbərlər
Xəbər Lenti