"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln"a qarşı keçiriləcək cavab matçının hakimləri dəyişdirilib.
Sportinfo.az xəbər verir ki, matçı əvvəlcədən nəzərdə tutulduğu kimi Ukraynadan yox, Danimarkadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakim Yakob Sandberqdir. Ona yan xətt hakimləri Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yens Mae yerinə yetirəcək.
34 yaşlı referi ixtisasça parlament mütəxəssisidir. Hakimliyə gənc yaşlarından start versə də, Danimarkanın yüksək liqasındda 2019-cu ildən görünməyə başlayıb. 2022-ci ildən isə yaxasında FİFA-nın emblemini daşıyır.
Sandberqin beynəlxalq oyun təcrübəsi zəngin deyil. Milli komandalar səviyyəsində əsasən aşağı yaş qruplardan ibarət komandalarının oyunlarında fit çalıb. Əsas yığmalara gəlincə, cəmi bir dəfə iş başında olub.
Avrokuboklarda isə vur-tut üç qarşılaşmaya baş hakim kimi təyinat alıb. Bu oyunlarda 24 sarı, 2 qırmızı vərəqə ilə yadda qalıb. Ümumiyyətlə, Sandberq vərəqə sevən hakim kimi tanınır.
“Qarabağ”la “Linkoln” arasındakı səfərdəki ilk oyun 2:0 hesabı ilə başa çatıb.
Avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı saat 20:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ