Bu gün Çempionlar Liqasının ilk dəfə olaraq 36 komandanın iştirakı ilə keçiriləcək Liqa mərhələsinin püşkü atılacaq.
Sportinfo.az xəbər verir ki, Monakoda baş tutacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Yeni format üçün tarixdə ilk dəfə hibrid püşkatma üsulundan istifadə ediləcək.
Müvafiq olaraq püşkdə klublar əl ilə çəkiləcək, daha sonra kompüter nəzarəti ələ alacaq və komandaların bir qrupda oynayacağı 8 rəqibi seçəcək. Bu qərarın verilməsinə səbəb isə püşkatmanın çox vaxt aparmamasıdır.
Püşkatma zamanı 36 komanda 4 ayrı səbətdə yer alacaq. Onların hər birinin rəqibi hər səbətdən çıxacaq 2 komanda olacaq.
Yeni formata əsasən hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.
İlk oyunlara sentyabrın 17-19-da start veriləcək.
Liqa mərhələsinin son matçları isə 2025-ci il yanvarın 29-da olacaq. Oyunların dəqiq təqvimi isə avqustun 31-də açıqlanacaq.
Ötən gecə Çempionlar Liqasının pley-off mərhələsində “Dinamo”ya uduzan (0:2, ilk oyun 0:3) “Qarabağ” turnirlə vidalaşıb.
Ağdam təmsilçisi Avropa Liqasının Liqa mərhələsində mübarizə aparacaq. Bu mərhələnin püşkü isə sabah atılacaq.