İtaliyanın Busto Arsizio şəhərində təşkil olunan boks üzrə Birinci Dünya Olimpiya Təsnifat Turnirində iştirak edən millimiz Nicat Hüseynovun sayəsində cəmi bir lisenziya qazandı.
Halbuki komandadan gözləntilər daha çox idi.
Sportinfo.az xəbər verir ki, sabiq boksçularımızdan olan Vüqar Ələkbərov qaynarinfo-ya açıqlamasında millinin nəticəsi haqda fikirlərini bölüşüb:
"Olimpiya oyunlarına lisenziya qazanmaq hər adama nəsib olmur. Boksdan olimpiada ümidi ilə milyonlarla insan gəlib keçib, amma alındıra bilməyib. Ona görə də bunu uğur saymaq lazımdır. Özbəkistanla Qazaxıstan dünya boksunun liderləridir. Özbəkistanda keçirilən dünya çempionatında özbəklər beş, qazaxlar isə dörd qızıl medal qazanıb. Azərbaycanda da üç qızıl var. Ermənistanda ümumiyyətlə yoxdur. Gürcüstanda isə cəmi bir qızıl var. Özbklər olimpiya oyunlarını, dünya çempionatını komanda şəklində udur. Həmçinin qazaxlar belə yüksək səviyyəli yarışlarda ikinci, üçüncü yerlərdə olur. Sonuncu dəfə ikinci yeri tutmuşdular. Biz onlarla müqayisə edilə bilmərik. Millimizin heyətində beş oğlan idmançı yarışırdı. Qızları niyə sayaq ki? Mən də orada idim. Təbii, hakim haqsızlıqları da oldu. Amma qızları bu siyahıya salmağın mənası yoxdur. Azərbaycanda qadın boksu yox səviyyəsindədir. Bunu qəbul etmək lazımdır. Oğlanların nəticəsini isə uğursuzluq saymaq olmaz. Hamı lisenziya qazana bilməz ki. Bəli, ölkə çempionu olan boksçu bizi Avropa və dünya çempionatlarında təmsil edə bilər. Olimpiyanın fərqliliyi ondadır ki, ora lisenziya qazanıb gedirsən. Hər çəkidə 60-70 idmançı var. Onların arasında ilk "dördlüy”ə düşmək bilirsiniz nə deməkdir? Bu, normal uğurdur. Olimpiadanın fərqliliyi, gözəlliyi də budur. Güləşdə Mahiyəddin Allahverdiyev üç dəfə dünya çempionu oldu, amma olimpiada medalı ala bilmədi. Xəzər ümumiyyətlə olimpiadada güləşə bilmədi. Üç dəfə dünya çempionu ola bilərsən, amma olimpiadaya düşmək asan deyil”.
Ələkbərov komandanın hazırlıq durumunu normal qiymətləndirdiyini dedi:
"Normal qiymətləndirirəm. Uşaqlar yorulmadı. Əvvəllər fiziki cəhətdən problemlər olurdu. İndi hər şey əladır, komanda normal çıxış etdi. Tayfurla Alfonso 2:3 hesabı ilə uduzdu. Sərxan isə üç döyüşdə qələbə qazanmışdı, yalnız dünya çempionuna məğlub oldu”.
Keçmiş boksçu qarşıdan gələn, Taylanda keçiriləcək lisenziya turnirində şanslarımızı dəyərləndirib:
"Taylandda bir-iki lisenziya götürə bilsələr, bu, çox böyük uğur olacaq. Bizim dövrümüzdə 13 çəki dərəcəsində yarış keçirirdilər. İndi 13 çəkinin altısını qadın boksçulara ayırıblar. Kişilər üçün cəmi yeddi çəki qalıb. Ona görə də bunu böyük uğur kimi qiymətləndirirəm. Tarixi boyu yalnız Afinada və Braziliyada böyük heyətlə iştirak etmişdik. Qalanlarına iki, üç lisenziya ilə yollanmışıq”.