"Çox sevindirici haldır ki, Olimpiada lisenziyası ilə Vətənə qayıtdıq".
Sportinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Tailandın paytaxtı Banqkokda keçirilmiş II Dünya Olimpiya Təsnifat Turnirində yarımfinala yüksələrək "Paris-2024"ə lisenziya qazanan Azərbaycan boksçusu Malik Həsənov jurnalistlərə açıqlamasında deyib.
63,5 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, yarış olduqca rəqabətli keçib:
“Mənim çəkimdə 80-ə yaxın ölkənin boksçusu mübarizə aparırdı. Ən güclü beş idmançı Olimpiadaya vəsiqə qazanacaqdı.
Dörd döyüşdə qələbə qazanıb, lisenziyanı təmin etdim. Qarşıma qoyduğum məqsədə nail oldum.
İndi məni növbəti hədəflər gözləyir. "Paris-2024"də tarix yazmaq, qızıl medal qazanmaq arzusundayam”.
Bundan başqa Nicat Hüseynov (51 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Alfonso Dominqes (92 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar.
Beləliklə, Azərbaycan yığması Olimpiadada 5 boksçu ilə təmsil olunacaq.