
Mahir Emreli sosial şəbəkə hesabında paylaşım edib.
"Nürnberq"də çıxış edən hücumçu transfer söz-söhbətlərinə aydınlıq gətirib:
"Son bir neçə gün ərzində mənimlə bağlı yayılan məlumatlara aydınlıq gətirmək üçün sizə müraciət edərək, anlaşılmazlığı aradan qaldırmaq istəyirəm.
Mən "Nürnberq"in futbolçusuyam, səbirsizliklə meydanda və ondan kənarda əldə olunacaq uğurlu anları gözləyirəm".
Azarkeşlərə səslənən Mahir əsas məqsədinin "Nürnberq"in uğurları olduğunu bildirib:
"Əsas məqsədim komandanın ən yüksək nəticələr qazanmasıdır. İlk gündən bildirmişəm ki, sizi öz çıxışım və qollarımla sevindirmək üçün əlimdən gələni edəcəyəm.
Nürnberq özümü xoşbəxt hiss etdiyim məkandır və səylə çalışmaq üçün tam motivasiyalıyam.
İndi bütün diqqətlər növbəti oyunadır - sizin dəstəyinizə ehtiyacımız var və Hannoverdə 3 xal üçün birlikdə mübarizə aparacağıq".
Millimizin forvardının "Nürnberq"i tərk edərək, Cənubi Koreyaya yollanacağı xəbərləri yayılmışdı. Odur ki, futbolçunun adı komandasının II Bundesliqada son iki oyununda iştirak ərizəsinə daxil edilməyib.
Yekunda məlum oldu ki, "Seul" almanların istədiyi təzminatı təzminatı ödəməkdən vaz keçib.
K 1 Liqasının iştirakçısı 500 min avro ödəməkdən boyun qaçırınca, "Bakı"nın yetirməsinin qarşıdakı 3 ayı da II Bundesliqada başa vuracağı dəqiqləşib.
Klub rəhbərliyi son günlərə kimi hər gün qapılarını döyərək, "mənə icazə verin, ona gedim, daha çox pul qazanmaq istəyirəm" söyləyən Emreliyə xəbərdarlıq edib.
Bildirilib ki, əgər komandanın məşqlərinə qoşulmasa, böyük miqdarda cərimələnəcək. Millimizin üzvünün fərdi çalışmaları dayandırıb, kollektiv hazırlıq prosesində iştirakı da bundan irəli gəlir.
SPORTİNFO.AZ