“Əvvəla, onu qeyd edim ki, Almaniyada “Bild” qəzetinin yazdığına çoxları inanmır.
Hətta orada belə bir deyim var: Əgər “Bild” yazıbsa, deməli, olmayıb”.
Sportinfo.az xəbər verir ki, bu sözlər Azərbaycan millisinin hücumçusu Mahir Emreliyə məxsusdur.
Almaniya mətbuatı II Bundesliqada “Nürnberq”ın formasını geyinən həmyerlimizin baş məşqçi Miroslav Kloze ilə münasibətlərinin gərginləşdiyini yazır.
Xüsusilə də “Bild” nəşrinin məlumatına görə tərəflər arasında saatyarımlıq mübahisə olub. Bu nə qədər doğrudur?
Emreli “İdman TV”-də qonaq olduğu “Sportcast” verilişində bu suala cavab verib:
“Bütün bunlar yalandan başqa bir şey deyil. Doğrudur, “Köln”lə oyunda əvəz edildiyimə görə əsəbi idim.
Oynadığım komandalar daim çempionluq uğrunda mübarizə aparıb. Bu səbəbdən də böyükhesablı məğlubiyyətlərlə çox rastlaşmamışam”.