"Sən niyə həmişə belə oynamırsan?" - Mahiri iki dahiyə bənzədib, suallar verdilər

15:00 Bizimkilər 920
"Sən niyə həmişə belə oynamırsan?" - Mahiri iki dahiyə bənzədib, suallar verdilər

Mahir Emrelinin “Nürnberq”də işləri qaydasına düşüb.

Uzun müddət yaşıl meydanlardan kənarda qalan, azarkeşləri qolları ilə sevindirməyən Azərbaycan millisinin üzvü əvvəlki günlərinə qayıdıb.

Ötən şənbə “Kayzerslautern”lə səfər qarşılaşmasında yanvardan sonra ilk dəfə əsas heyətdə yer alan və noyabrdan bu yana davam edən “qol orucu”nu baxımlı qolla pozan Emreli Almaniyada yenidən diqqət mərkəzinə düşüb.

Mahir oyundan sonra “instagram” hesabında paylaşım edərək ona güvənən məşqçilərə, azarkeşlərə təşəkkür edib, belə vəziyyətdə vurduğu qolun 3 xaldan daha çox önəm daşıdığını qeyd edib.

“Nürnberq” azarkeşi olan izləyicilər də öz növbəsində ona ürək sözlərini yazıb:

“Sən niyə həmişə belə oynamırsan?”

“O, bir daha sübut etdi ki, komandaya çox xeyir verə bilər. Fikrimcə, incikliklər Emreliyə motivasiya verir”.

“Mən səni səndəki özünəgüvənə görə bəyənirəm. Hamı görür ki, istəyəndə daha yaxşı oynayıb, daha artığını etmək olur. Öz oyununla dedi-qoduların boşuna olduğunu sübut edirsən. Fikrini futbola kökləsən, bundan da yaxşı olacaqsan”.

“Sənin kimi futbolçuya ehtiyacımız var. Sürətli, topla rəftarı sevən və vuran ayağı olan futbolçulara qapıları həmişə açıqdır. Heç yerə getmə, burada qal”.

“Heç kimə və heç nəyə fikir verməsən, incikliyi kənara qoysan, dahiyə çevrilə bilərsən. Futbol oyna, çünki bu, səndə yaxşı alınır. Biz sənə inanırıq, bilirəm, sən də bizi sevirsən. İrəli!”

“Əla qol idi. Bu şəkildə davam et və sevimlimiz olaraq qal”.

“Çox keyfiyyətli futbolçusan, şəxsən bəyənirəm. Hələ də başa düşə bilmirəm ki, sənə olan nifrət hardandır?”

“Növbəti qolu bir aydan sonra görməmək ümidi ilə təbrik edirəm. Davamını gözləyirik”.

“Messinin oxşarı, İbrahimoviçin stili, Emrelinin eynisi. Mükəmməlsən, dostum. Növbəti oyunda daha bir qol gözləyirəm”.

27 yaşlı futbolçu cari mövsümdə II Bundesliqada şans qazandığı 20 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmənin müəllifi olub.

Almaniya kubokunda meydana çıxdığı 1 görüşdə 1 qolla yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti