
Azərbaycan millisinin sabiq futbolçusu Dimitri Nazarovun Almaniyanın “Offenbax” klubundakı gələcəyi sual altındadır.
Sportinfo.az xəbər verir ki, komanda Regionalliqadan III Bundesliqaya yüksələ bilməsə, yarımmüdafiəçi başda olmaqla, komandada ciddi ixtisar gözlənilir.
Nazarov 35 yaşı olmasına baxmayaraq, hazırda komandanın ən məhsuldar oyunçusudur. O, qış fasiləsindən sonra “Offenbax”ın 15 qolundan 6-nın müəllifi olub, həmçinin 3 məhsuldar ötürmə verib. Dimitrinin aktivində bu mövsüm ümumilikdə 11 qol, 9 assist var.
Komandanın baş məşqçisi Kristian Neidhart, həmçinin bir neçə futbolçusu Almaniya mətbuatına açıqlamasında millimizin sabiq üzvü barədə xoş fikirlər səsləndirib, onu komandanın lideri kimi qələmə veriblər:
“Dima elə həmin Dimadır, o, komandamız üçün çox dəyərlidir. Turdan-tura daha yaxşı çıxış edir. Bir növ komandamızın həyat sığortasıdır”.
Buna baxmayaraq, Nazarovun gələcəyi hələ də qeyri-müəyyəndir.
Hazırda turnir cədvəlində 2-ci pillədə qərarlaşan “Offenbax” III Bundesliqaya yüksəlməsə, müqaviləsi yaya qədər olan 17 futbolçu ilə yollar ayrılacaq ki, onların arasında Nazarov da var. Çünki komanda Regionalliqada qalsa, rəhbərlik növbəti mövsüm hazırkı maaş büdcəsini qarşılaya bilməyəcək.
Regionalliqadan yalnız bir komanda daha yuxarı liqaya yüksələcək. Hazırda 53 xalı olan “Offenbax” 28 turdan sonra lider “Hoffenhaym II”dən 7 xal geri qalır.