
"Mənim həqiqətən də azərbaycanlı köklərim var.
Anamın dediyinə görə, səhv etmirəmsə, ulu babam oradandır".
Sportinfo.az xəbər verir ki, bunu "Dinamo Mahaçqala"nın (Rusiya) futbolçusu Mutalip Alibekov "sport24.ru"ya müsahibəsində deyib.
28 yaşlı mərkəz müdafiəçisi Azərbaycan millisinin təklifindən imtina etdiyini bildirib:
"2014-cü ildə Moskva MOİK-ində olduğum vaxt Azərbaycanın gənclərdən ibarət yığmasına dəvət almışdım. Orada Dağıstandan bir neçə tanışım çıxış edirdi.
Yəqin ki, haqqımda nə isə demişdilər. Mənə zəng edib, maraqlandılar. Amma bu təklifdən imtina etdim".
Alibekov imtina səbəbini də açıqlayıb:
"MOİK-dən Rusiya millisinə gedə biləcəyimi düşünürdüm. Həmin təklifdən sonra transfermarkt-da Rusiya vətəndaşlığından əlavə, Azərbaycan pasportumun da olduğu göstərilir. Amma bu, belə deyil".
Rusiya U-19 yığmasının sabiq üzvü AFFA-ya imtina cavabı verdikdən sonra onunla əlaqənin saxlanılmadığını əlavə edib.
Mutalip Alibekov karyerası ərzində MOİK və "Dinamo Mahaçqala"dan əlavə, ölkəsinin "Ximki", "Baltika" və Belarusun "Smoleviçi" klublarında çıxış edib.