
Azərbaycan millisinin sabiq futbolçusu Dimitri Nazarov Almaniyada ikinci baharını yaşayır.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Kikker Offenbax”ın heyətində parlaq mövsüm keçirir.
Son olaraq Regionalliqanın 23-cü turunda “Fulda-Lehnerz” üzərində 3:0 hesablı qələbəyə 1 qolla töhfə verən hücumameyilli oyunçu, cari mövsüm ümumi qol sayını 9-a çatdırıb.
Komandasının bombardiri olan Nazarov çıxış etdiyi çempionatın əsas ulduzlarından sayılır.
“Kikker Offenbax”ın baş məşqçisi Kristian Neidhart da yetirməsindən ağızdolusu danışıb:
“Nazarov meydandan kənarda sakit olsa da, oyun zamanı həzz alaraq çıxış edir. Bir neçə mühüm qarşılaşmada ön plana çıxaraq qələbəmizə töhfə verib.
Dimitrinin nəyə qadir olduğunu yaxşı bilirik. Birlikdə daha uğurlu nəticələr əldə edəcəyimizə inanırıq”.
“Kikker Offenbax” hazırda 45 xalla Regionalliqada turnir cədvəlinə başçılıq edir.