
“Nürnberq” Mahir Emreliyə daha bir şans vermək niyyətindədir.
Tez-tez komandadaxili münaqişələrdə baş rolda oynayan həmyerlimiz Almaniyanın II İundesliqa təmsilçisində qala bilər.
Baş məşqçi Miroslav Kloze də gözünü ona dikib. Mütəxəssis hücumçu ilə bağlı ümid işığı axtarışındadır. O, bu barədə danışarkən Emrelinin özünü yaxşı tərəfdən göstərməsinin vacibliyini vurğulayıb:
“Onunla növbəti dəfə söhbət etdim. Mahiri nəyəsə görə günahlandırmaq yerinə düşməz.
Məşqlərdə iştirak edir. Amma bu, mənim üçün yetərli deyil.
Meydana çıxmaq istəyirsə, bunu hiss etdirməlidir. Hazır olduğunu göstərməlidir.
Onun hələ də şansı var. Hər şey Mahirdən asılıdır.
Oynamaq istədiyini sübut etsə, ona niyə şans verməyim?. Onunla danışmışam.
Məşqdə onu heç nəyə görə günahlandıra bilmərəm. Mahirə dedim ki, o da başqaları kimi istənilən vaxt oynamaq istədiyini göstərə bilər. Amma mən bunu, sadəcə, hiss etməliyəm”.
Mahirin adı çempionatın son iki turunda “Nürnberq”in iştirak ərizəsinə salınmayıb.
Emreli ilə maraqlanan “Seul” hələ ki, “Nürnberq”lə real danışıqlara başlamayıb. İdman direktoru Joti Çatzialexio Mahirlə bağlı “Bild”in sorğusuna belə cavab verib:
“Hələ ki, sakitlikdir. Mahir hələ də bizim futbolçumuzdur və komanda ilə məşq edir. O, hər bir oyunçu kimi həftəsonu oynayıb-oynamayacağına qərar verməlidir”.
Xəbərdə qeyd edilib ki, “Nürnberq” Mahir üçün 500 min avro transfer qiyməti qoyub. Cənubi Koreya klubu isə hələlik “Nürnberq”ə bununla bağlı cavab verməyib.
Beləliklə, “Bild“ saytımızın fevralın 19-da yaydığı eksklüziv xəbəri təsdiqləyib. Saytımız “Nürnberq“in “Seul“dan istədiyi təzminatın məbləğini ilk dəfə məhz həmin gün tirajlayıb (https://www.sportinfo.az/idman_xeberleri/gundem/214966.html).
Cənubi Koreyada “transfer pəncərəsi“ martın 22-də bağlanacaq. Yəni ki, hələ vaxt var. Son məlumat bu keçidin reallaşmasını şübhə altına alır.
Çünki “Seul“ tərəfi almanlara yarım milyon avro ödəməyə hazırlaşmır. Asiyalılar bu rəqəmin yalnız 1/3 hissəsi qədər xərcə düşməyi nəzərdə tutublar.
II Bundesliqanın iştirakçısı isə qiymət məsələsində qətiyyən güzəştə getmək fikrində deyil.
Bəlkə də güzəştə gedərdilər, sadəcə, Mahirin məşqlərdə qaş-qabaq sallaması, həvəssiz çalışması, baş məşqçi və komanda yoldaşları ilə tez-tez mübahisə etməsi rəhbərliyi qıcıqlandırıb.
Odur ki, müqaviləsi 3 ay sonra başa çatacaq hücumçu ilə prinsipə dayanıblar. Belə deyək, həyatı ona başa salmaq üçün.
SPORTİNFO.AZ