“Daha yaxşı liqalara gedib, Azərbaycan millisinə dəvət ala bilərəm”

18 Fevral 08:50 Bizimkilər 472
“Daha yaxşı liqalara gedib, Azərbaycan millisinə dəvət ala bilərəm”

“Zirə” və “Şamaxı”da oynadıqdan sonra qış “transfer pəncərəsi” zamanı legioner həyatı yaşamaq üçün Qırğızıstana yollanan Ramin Əhmədov “Alay” ilə müqavilə imzaladı.

Hazırda bu klubun heyətində Türkiyədə təlim-məşq toplanışında yer alan 23 yaşlı yarımmüdafiəçi sportal.az-a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, “Alay”dakı durumundan və gözləntilərindən bəhs edib.

- Türkiyə toplanışı necə gedir? Yoxlama matçlarında oynamısan?

- Bəli, komandanın düşərgəsindəyəm. Toplanışımız da davam edir. Hər şey yaxşı keçir. Hazırlıqlarımızı davam etdiririk. Komandanın heyətində artıq üç oyuna çıxmışam. "Spartak"(Kostroma), "Dinamo(Vladivastok) və "Alba Yuliya" komandası ilə qarşılaşmışıq. Hər üç matçda da oynamışam.

- Kollektivdəki atmosfer necədi?

- Atmosferimiz əladır. Bu komandaya çox tez bir zamanda adaptasiya oldum. Komandada məni yaxşı qarşıladılar, mehriban kollektivimiz var. Ona görə də, həm komanda yoldaşlarıma, həm də oyun stilimizə tez adaptasiya oldum. Hər şey yaxşıdır.

- Yeni sezon üçün yüksək liqada komandanın əsas məqsədi nə olacaq? Çempionluğunuz real görünür?

- Komandamız daim iddialı olub. Elə indi də iddiamız böyükdür. Yeni sezonda əsas hədəfimiz çempionluqdur. "Alay"ın oyun tərzi və heyətdəki futbolçuları çempionluq uğrunda mübarizə aparmağa imkan verir. Sona qədər mübarizə aparacağıq. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınar.

- 2025/2026 mövsümündən Azərbaycan Premyer Liqasında legioner limiti tətbiq olunmayacaq. Azərbaycanlı futbolçuları narahat edən qərar olduğunu söyləmək mümkündür. Səncə, futbolçularımız xaricdə özlərinə komanda tapa biləcək?

- Bəli, bundan xəbərim var. Legioner limit tətbiq olunmayacaq. Ancaq komanda sayı artacaq. Demək ki, çempionat daha maraqlı olacaq. Yerli futbolçular üçün də yaxşıdır. İnkişaf daha da çox olacaq. Legioner axını ilə komandaar güclənəcək, gərgin mübarizə olacaq. Məncə, ötən mövsümlərdən fərqli olaraq, daha da maraqlı çempionat izləyəcəyik. İndiki komandalarında az şans qazanan yerli futbolçular böyük ehtimalla Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq klublarda oynamağı üstün tutacaqlar. Fikrimcə, onların arasında potensialını açacaq oyunçuları da görə bilərik.

- "Alay"da göstərəcəyin performansla Qırğızıstana azərbaycanlı futbolçulara yol aça bilərsən? Özünü yaxşı tərəfdən göstərəcəyin təqdirdə, qırğızlar digər azərbaycanlılara da maraq göstərə bilər?

- Maraq hər zaman var. Harada oynamağımızdan asılı olmayaraq daha yaxşı çıxış edib, bizə olan marağı daha da artırmalıyıq.

- Qırğızıstanda daimi oynayaraq Azərbaycan milli komandasına dəvət olunmağı real hesab edirsən? Yoxsa, daha güclü liqalarda oynamalısan ki, milliyə cəlb ediləsən?

- Hər futbolçu kimi millidə oynayıb, Azərbaycanı təmsil etmək mənim də xəyalımdır. Hələ ki Qırğızıstanda liqa başlamayıb və hansı səviyyədə olduğunu bilmirəm. Daha da çox inkişaf etməliyəm və daha yaxşı liqalara gedib, oradan Azərbaycan millisinə dəvət ala bilərəm.

Digər Xəbərlər
Xəbər Lenti