“Azərbaycanda eşitdiyim tənqidlər məni yorurdu, karyeramı Türkiyədə başa vuracam”

17 Fevral 23:00 Bizimkilər 3 248
“Azərbaycanda eşitdiyim tənqidlər məni yorurdu, karyeramı Türkiyədə başa vuracam”

«Azərbaycanda eşitdiyim tənqidlər məni yorurdu».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan yığmasının yarımmüdafiəçisi Coşqun Diniyev deyib.

Bugünlərdə Türkiyədə «Corum»la müqavilə imzalayan orta sahə oyunçusu vətənə dönmək niyyətində olmadığını bildirib:

«Burada bir oyun zəif çıxış edən kimi deyirdilər ki, atasının hesabına oynayır. Bunları eşitməmək üçün karyeramı elə Türkiyədə başa vuracam.

Orada mənə çox rahatdır. Sevildiyimi hiss edirəm.

Ona görə də yenidən bura qayıdıb, həmin psixoloji şeyləri yaşamaq istəmirəm».

Millimizin üzvü 2023-cü ilin yayında “Səbail”dən Türkiyənin I Liqasına yollanıb. Öncə “Ümraniyəspor”un formasını geyinib. Son 5 ayda maaş ala bilmədiyindən, düşərgədən ayrılıb.

2024-cü ilin yayında «Bandırmaspor»dan getməsinin səbəbi də elə maliyyə ilə bağlıdır. Yəni ki, 1+1 illik müqavilə imzalamış orta sahə oyunçusu öz istəyi ilə buradan getməyib.

«Səbail»in sabiq baş məşqçisi Şahin Diniyevin kiçik oğlu «Bandırmaspor»u məcburiyyət üzündən tərk edib.

Belə ki, yerli funksionerlər onunla görüşərək, müqavilə öhdəliklərini yerinə yetirməkdə çətinliklə üzləşdiklərini bildirib.

Onlar sponsorların geri çəkildiyini, maliyyə cəhətdən vəziyyətin kritikləşdiyini söyləyiblər və təklif eləyiblər ki, kontrakta qarşılıqlı razılaşma əsasında xitam versin.

Maaşını almaqda problem yaşayacağını anlayan Coşqun durumu düzgün qiymətləndirib və «Çorum»un yolunu tutub. O, TFF I Liqanın digər iştirakçısı ilə 1,5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti