
Azərbaycan yığmasının yarımmüdafiəçisi Coşqun Diniyevin «Bandırmaspor»dan ayrılmasının səbəbi məlum olub.
Ötən ilin yayında klubla 1+1 illik müqavilə imzalayan orta sahə oyunçusu öz istəyi ilə buradan getməyib.
«Səbail»in sabiq baş məşqçisi Şahin Diniyevin kiçik oğlu «Bandırmaspor»u məcburiyyət üzündən tərk edib.
Belə ki, yerli funksionerlər onunla görüşərək, müqavilə öhdəliklərini yerinə yetirməkdə çətinliklə üzləşdiklərini bildirib.
Onlar sponsorların geri çəkildiyini, maliyyə cəhətdən vəziyyətin kritikləşdiyini söyləyiblər və təklif eləyiblər ki, kontrakta qarşılıqlı razılaşma əsasında xitam versin.
Maaşını almaqda problem yaşayacağını anlayan Coşqun durumu düzgün qiymətləndirib və «Çorum»un yolunu tutub. O, TFF I Liqanın digər iştirakçısı ilə 1,5 illik müqavilə imzalayıb.
SPORTİNFO.AZ