“Qarabağ”la FCSB arasında baş tutan oyundan əvvəl "Sportinfo"nun əməkdaşı Həbib Aslanov Rumıniyanın nüfuzlu idman saytına danışıb.
Təcrübəli jurnalist “Sport.ro”nun həm matçla bağlı, həm də oyunun ətrafında yaranan sualları cavablandırıb.
Həmkarımızın FCSB-nin prezidenti Cici Bekali barədə səsləndirdiyi fikirlər Rumıniyada böyük maraqla qarşılanıb.
Yazını Azərbaycan dilinə tərcümə olunmuş şəkildə təqdim edirik.
Azərbaycanlı jurnalist Həbib Aslanovla “Qarabağ” – FCSB qarşılaşmasından əvvəl həmsöhbət olduq.
Söhbətə oyunla bağlı proqnozla başlayanda, o, Qurban Qurbanovun baş məşqçi olduğu komandanın “qırmızı-göylər”ə 2:1 hesabı ilə qalib gələcəyini, xüsusən azərbaycanlıların 30 minə yaxın tamaşaçının dəstəyi altında oynayacağını və əlavə təzyiq hiss etməyəcəyini bildirib:
“Bütün Azərbaycan “Qarabağ”dan qələbə gözləyir. Çünki onlar “Lion” və ya “Ayaks” kimi güclü komandalara qarşı oyunlara yaxşı başlamışdılar. Start uğurlu olsa, "Qarabağ"ın qalib gələcəyini təxmin edirəm. “Qarabağ”ın itirəcəyi heç nə yoxdur. Bu səbəbdən öz meydanında rahat oynayacaq. Fikrimcə, hesab 2:1 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatacaq.
Təbii ki, FCSB-nin 11 xal topladığını bilirik. Bu il avrokuboklarda 14 oyun keçirib və cəmi iki dəfə məğlub olublar. Bu, komandanız üçün çox yaxşı nəticədir. Bizi çox çətin qarşılaşma gözləyir”.
Azərbaycanda FCSB-nin prezidenti Cici Becali haqda fikirlər necədir?
Həbib Aslanov FCSB-nin himayədarı Bekalinin “Qarabağ”la oyundan əvvəl heyəti açıqlaması barədə düşüncələrini söyləyib:
“Cicini Azərbaycanda tanıyırlar. Dəqiq tarixi xatırlamıram, amma 10-15 il əvvəl “Xəzər Lənkəran”ın çox sayda rumıniyalı futbolçu və məşqçi gətirdiyi vaxtlar idi. Futbolçuları Rumıniya çempionatından, o cümlədən FCSB-dən transfer edirdilər.
O vaxt Bekali Rumıniya mətbuatında bəzi qəribə şeylər demişdi və mən də bu barədə yazmışdım. Bilirəm ki, o, çox vacib insandır, bir növ özünü ölkənin prezidenti kimi aparır. Rumıniya futbolunda önəmli simadır, xüsusi xarakteri var. Sanki Rumıniyada ondan qorxurlar, bəlkə də təhlükəli olduğunu düşünürlər.
“Barselona”, “Mançester Siti” və ya PSJ kimi klubların sahibləri heç vaxt matçlardan əvvəl start “11-iliy”ini söyləməzlər. Çünki lazım gələndə bunu məşqçilər edirlər. Nə deyim, bu, onun xarakteridir.
Ola bilsin ki, klubun sahibi olduğu, sərmayə qoyduğu üçün belə edir. Ancaq rəhbər bilməlidir ki, komandanın baş məşqçisi, kapitanı var. Əgər belə edirsə, deməli, onları vecə almır”.
"Qarabağ" niyə bu mövsüm avrokuboklarda ötən mövsümdəki kimi uğurlu deyil?
Aslanov “Qarabağ”ın ötən mövsümlə müqayisədə bu mövsüm avrokuboklardakı çıxışı arasında nəzərəçarpacaq fərqi onunla izah edir ki, Azərbaycan çempionu ilə qarşılaşan komandalar bir il əvvəl əldə etdikləri çox yaxşı nəticələrdən sonra “Qarabağ”a ciddi yanaşmağa başlayıblar:
“Keçən il “Qarabağ” çox yaxşı çıxış edirdi. Xüsusən Avropada futbol ölkəsi kimi tanınmayan Azərbaycanın adına əla nəticələrə imza atdı. “Bayer Leverkuzen”lə ilə oyunda 2-2 edib, son dəqiqədə buraxılan qolla 2-3 hesabı ilə uduzmaq, ümumilikdə bu komandanın qapısından 4 top keçirmək, “Braqa” səddini keçmək Azərbaycan futbolu üçün fantastik nəticələr idi.
Bu il heç nə dəyişməyib, eyni komandadır. Juninyo "Flamenqo"ya bir neçə gün əvvəl keçib. Sadəcə, ötən ilki nəticələrdən sonra komandalar "Qarabağ"ı dərindən təhlil etməyə, ciddi qəbul etməyə başlayıblar.
Bəlkə də əvvəllər “Qarabağ”ın böyük komanda olmadığını düşünürdülər. Ancaq baxımlı oynadıqlarını və yaxşı nəticələr əldə etdiklərini görəndən sonra ciddi yanaşmağa və hörmət etməyə başladılar. İndi “Qarabağ”a qarşı necə oynamağı, qarşısını necə almağı bilirlər. Hazırda əsas problemlərdən biri budur”.
Sonda Həbib Aslanov “Rumıniya futbolu deyəndə, ilk olaraq ağlınıza nə gəlir” sualını cavablandırıb:
“Mənim üçün Rumıniya futbolu George Hacidir. Futbola 1996-cı ildən baxmağa başlamışam. 1998-ci ildəki dünya çempionatında Rumıniya yığmasındaı Popesku, Filipesku, Haci, Muntyanunu və digərlərini xatırlayıram. Bir çox azərbaycanlı Rumıniya yığmasını 1998-ci ildəki dünya çempionatından tanıyır. Təbii ki, ən vacibi George Haci idi. Çünki o, həm də 2000-ci ildə UEFA kubokunu qazanan “Qalatasaray”ın əsas siması hesab olunurdu”.