“Traktor” İran çempionatında “Nəssaci” ilə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, Mazandaran əyalətinin Qaimşəhər şəhərinin stadionunda gərgin keçən qarşılaşma 1:1 başa çatıb.
Bununla da “Traktor” 29 xalla turnir cədvəlində ikinci pilləyə düşüb, rəqib isə 14 xalla 12-ci pillədə qərarlaşıb.
Oyun başlayandan sonra “Nəssaci” azarkeşləri Cənubi Azərbaycan komandasını və azarkeşlərini təhqir edib, meydana, “traktor”çular olan tribunaya yad cisimlər atıblar.
Hakimlər buna etinasız yanaşmasına etiraz edən “Traktor” un baş məşqçisi Draqan İskoçiç və komandanın hücumçusu Mehdi Haşimnejada qırmızı kart verilərək meydandan kənarlaşdırıb.
Oyun başa çatdıqdan sonra mazandaranlılar stadiondan çıxan azərbaycanlı azarkeşlərə hücum edib, qarşıdurma nəticəsində hər iki tərəfdən onlarla şəxs yaralanıb.
“Traktor” hadisəylə bağlı yerli futbol federasiyasına şikayət məktubu yazıb, klubun çempion olmasına mane olmaq üçün hakimlərin birləşdiyini qeyd edib.
Meydandan qovulan hücumçu Mehdi Haşimnejad mediaya verdiyi açıqlamada İran klublarının “Traktor”a qarşı münasibətindən təəccübləndiyini bildirib:
“Görünür, “Traktor” çempion olmaq üçün bütün İranla mübarizə aparmalıdır”.